Bilindiyi kimi, oyundan sonra Ağdam təmsilçisinin futbolçularının və azarkeşlərinin gözlənilən şəkildə sevinməməsi diqqətdən yayınmadı. Amma sonradan daha qəribə hadisə yaşandı. Belə ki, paltardəyişmə otağına yollanan baş məşqçi Qurban Qurbanov hamıyla əl sıxıb təbriklərini çatdırsa da, Bəhlula soyuq münasibət göstərdi. Hətta futbolçu bu üzdən əlindəki əşyanı qəzəbli formada yerə atdı. Təbii ki, belədə müdafiəçiylə mütəxəssis arasında hansısa anlaşmazlığın olub-olmaması haqda suallar ortaya çıxdı.
Bu məsələ ilə bağlı fikirlərini öyrənmək üçün Bəhlulun atası Ələmdar Mustafayevlə əlaqə saxladıq. Onun "Football-plus.az"a açıqlaması:
"Bildiyimə görə, hansısa problem yoxdu. Bəhluldan soruşdum, dedi ki, böyüdüləcək nəsə yoxdu. Hər şey qaydasındadı. Bayaq hazırlaşıb məşqə yollandı. Baş məşqçiylə münasibətlərinin korlanması və "Qarabağ"dan ayrılacağı ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Hələ klubla müqaviləsi var ki, müddəti 2027-ci ilin yayında başa çatacaq".
KƏNAN BAHADIR