Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev Budapeştdə Macarıstanın tanınmış güləş məşqçisi İmre Baracsinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə qızıl medal qazanıb.
Bu barədə "Report"a Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
U-17 Avropa çempionatının bürünc mükafatçısı oilan Elmin Əliyev 82 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Ənənəvi yarışda U-20 yaş qrupu üzrə millinin bir neçə üzvü də iştirak edib. Məşqçi Emin Əhmədovun rəhbərliyi altında mübarizə aparan Kamran Rəcəbli (72 kq), Cavad Məmmədov (77 kq) və Məzaim Mərdanov (130 kq) Memorialda mükafat qazana bilməyib.
Yarış bitdikdən dərhal sonra güləşçilərimiz Macarıstan Tata şəhərinə yollanıblar. Belə ki, təmsilçilərimiz mayın 2-dək bu şəhərdə bir neçə komandanın iştirakı ilə keçiriləcək təlim-məşq toplanışına qatılıblar.