Pakistanın müdafiə naziri Xavaca Asif Kəşmirdə 26 nəfərin ölümü ilə nəticələnən terror aktında ölkəsinin əli olması ilə bağlı beynəlxalq araşdırmaya çağırıb. O, münaqişənin həllində mühüm rol oynaya biləcək Rusiya və Çinin istintaqa cəlb edilməsini təklif edib.
Herbiand.az bu barədə xarici mətbuata istinadən bildirir.
“Düşünürəm ki, Rusiya, Çin, hətta Qərb ölkələri bu böhranda çox mühüm rol oynaya bilər. Onlar Hindistanın yalan danışdığını, yoxsa... doğru danışdığını öyrənmək üçün istintaq qrupu yarada bilərlər”, - Pakistanın müdafiə naziri söyləyib.
O əlavə edib ki, Pakistanın Baş naziri Şahbaz Şərif beynəlxalq araşdırma ideyasını dəstəkləyib və baş verənlərə görə Pakistanı günahlandırmadan əvvəl Kəşmir hücumunda Pakistanın iştirakına dair sübutların lazım olduğunu bildirib.
Pakistanın terror təşkilatlarının dəstəklənməsi, hazırlanması və maliyyələşdirilməsi ilə bağlı mövqeyi barədə suala Asif etiraf edib: “Yaxşı, bilirsiniz ki, biz təxminən otuz ildir ki, ABŞ və Qərb, o cümlədən Britaniya üçün bu çirkin işi görürük”.
Bəxtiyar CƏFƏRLİ