BAKI, 28 aprel. TELEQRAF
İnnovasiya və Təchizat Mərkəzi tibb müəssisələri üçün sərfiyyat mallarının alınması ilə bağlı ümumi məbləği 6 milyon 564 min 159.66 olan dörd açıq tender elan edib.
Teleqraf xəbər verir ki, tenderlərdən biri tibb müəssisələrinin mərkəzi sterilizasiya bölmələri üçün tibbi sərf mallarının satın alınması ilə bağlıdır. Ehtimal olunan qiyməti 606 min 181,05 manatdır.
Bu tender üçün təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi mayın 20-nə təyin olunub.
Digər tenderlər tibb müəssisələrinin təcili tibbi yardım və digər şöbələri üçün tibbi sərf mallarının alınması (3 milyon 668 min 842,73 manat) və hemodializ şöbəsi üzrə tibbi sərf mallarının satın alınması (1 milyon 283 min 704,89 manat) ilə bağlıdır.
Daha bir tender isə ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair tədbirlər ilə bağlı xərclər çərçivəsində sərfiyyat mallarının satın alınması üçün elan olunub, ehtimal olunan qiyməti isə 1 milyon 5 min 430,99 manatdır.
Bu tenderlər üçün təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi mayın 27-dir.