AZ

Mütəllim Rəhimlidən partiyadan xaric olunmasına reaksiya: "Bu əxlaqa ziddir"

BAKI, 28 aprel. TELEQRAF

Aprelin 19-da Ədalət Partiyasının Ali Məclisinin iclası keçirilib və müvafiq qərarlar qəbul olunub. Ali Məclis Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması haqqında qərar qəbul edib. Çünki Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və bütün səlahiyyətlər də Təşkilat Komitəsinə keçib. Bir neçə şəxsin yenidən Ali Məclisin iclasını keçirmək səlahiyyəti yoxdur. Bu hərəkətlər partiyanın nizamnaməsinə ziddir.

Bu sözləri Teleqraf-a a Ədalət Partiyanın sədr müavini Mütəllim Rəhimli deyib.

“Mən Ədalət Partiyasının yaradıcılarından biri olmuşam. Bunların məni üzvülükdən çıxara bilməzlər. Həm də ki partiya üzvü olmayan, qohum və dostlarını xahiş-minnətlə, yalvarışla toplayıb partiya adından “qərar” vermək əxlaqa və qanuna ziddir. Bu özfəaliyyətdir”, - deyə o qeyd edib. Sədr müavini hesab edir ki, onların evlərində verdikləri qərarın partiya həyatına heç bir dəxli yoxdur: “Mən soruşuram, orada rayon təşkilatlarının nümayəndələri iştirak etmədiyi halda necə qərar vermək olar və yaxud bu yığıncağın adı nə olacaq? Siyasi Şura olmadığı halda o necə qərar verir? Həm də Partiyanın Nizamnaməsinə görə partiya üzvünü rayon təşkilatı üzvülükdən çıxara bilər. Rayon təşkilatının isə belə bir qərarı yoxdur. Rayon təşkilatlarının təmsilçilərinin iştirakı ilə Ali Məclis iclas keçirib və onun qərarları da yerinə yetirilir”.

Qeyd edək ki, Ədalət Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası aprelin 26-da bir qrup şəxsin toplantı keçirməsi təşəbbüsünü və “qərar” qəbul etməsini nizamnaməyə zidd hesab edir. Bu yığıncağa təşəbbüs göstərmiş partiya üzvləri Vüsalə Dadaşovaya, Mehman Əliyevə və Meydan Babayevə xəbərdarlıq edir. Bu cür hərəkətlərə davam edəcəkləri təqdirdə nizamnaməyə uyğun olaraq daha ağır cəza ala biləcəklərini onların diqqətinə çatdırır.

Xatırladaq ki, 26 aprel tarixində Ədalət Partiyasının Ali Məclisinin sədri Meydan Babayevin sədrliyi ilə keçirilən iclasında nizamnamə pozuntularının ağır xüsusiyyətləri nəzərə alınaraq, Siyasi Şurada Mütəllim Rəhimlinin Ədalət Partiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilib.

Seçilən
1
7
teleqraf.com

4Mənbələr