Xəstəxanalarımızla yanaşı evlərdə də tibb bacısı funksiyasını yerinə yetirənlərə rast gəlirik. Səhhətində yaranan problemə görə həkimə, xəstəxanaya müraciət etmək istəməyənlər qohum-qonşu arasında tibb bacısı kimi tanınan birinə üz tuturlar. Dövlət və özəl xəstəxanalarda tibb bacısı vəzifəsində işləyənlər qohum-qonşuya, tanışa işdən sonra ya müəyyən ödəniş müqabilində, ya da könüllü şəkildə xidmət göstərirlər.
Bundan əlavə sadəcə özəl kurslarda qısa müddətdə dərs keçərək sertifikat alan, yaxud kimlərdənsə iynə vurmaq, sistem köçürmək, eləcə də bəzi tibbi xidmətləri göstərmək bacarığını yiyələnənlər də evlərdə tibb bacısı kimi fəaliyyətdədirlər. Hansı ki, bəzi hallarda bu xidməti göstərənlərin nə tibb təhsili, nə də tibb sahəsinə aidiyyatı olur. Bəs görəsən belə olduğu halda evdə qeyri-peşəkar tibb bacısının köçürdüyü sistemlərdən və iynələrdən halı pisləşən vətəndaşlar hara müraciət etməlidir? Ümumiyyətlə bu "tibb bacıları"-nı hər hansısa bir cəza tətbiq edilə bilərmi?

Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Moderator.az- a danışdı.
"Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsi ilə məsuliyyət yaradır.
Bu əmələ yol vermiş fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.
Həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada verilən müvafiq diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olmağa görə də 210.2-ci maddəyə əsasən dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə nəzərdə tutulub.
Bundan başqa, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması da İXM-nin 215-ci maddəsi ilə məsuliyyət yaradır.
Belə ki,tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir".
Əgər qanunsuz tibbi xidmət nəticəsində vətəndaşların sağlamlığına zərər dəyərsə, yaxud vəfat edərsə, bu halda müvafiq olaraq cinayət məsuliyyəti də yaranır.