"Rusiyanın Avropa ilə sərhəd boyunca artan fəallığı Kremlin NATO ilə toqquşmaya hazırlaşdığını göstərir..."
Kreml orduda səfərbərliyi genişləndirir, silah istehsalını artırır və Avropa sərhədində dəmir yollarını modernləşdirir. Hazırda diqqət əsasən Ukraynadakı müharibəyə yönəlib, lakin bəzi Avropa ölkələri Rusiyanın sərhəd yaxınlığındakı hərbi fəaliyyətindən narahatdır.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Nəşr qeyd edir ki, Rusiyanın Petrozavodsk şəhərində ordu bazaları genişləndirilir və Kremlin burada on minlərlə əsgərə nəzarət edəcək yeni qərargah yaratmaq planı var.
Qərb hərbi və kəşfiyyat orqanlarının bildirdiyinə görə, bu əsgərlərin çoxu hazırda Ukraynada döyüşür, lakin gələcəkdə NATO ilə qarşıdurma üçün Rusiya ordusunun əsas sütununu təşkil edəcək.
ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynadan kənarda ambisiyalara sahib olması barədə narahatlıqları şişirdilmiş sayır. Amma ekspertlər Finlandiya sərhədi yaxınlığındakı hazırlıqları Kremlin NATO-ya qarşı mümkün müharibəyə hazırlığı kimi qiymətləndirir.
Silahlanmanın artması
Avropa hərbi rəsmilərinə görə, Rusiyanın artan hərbi xərcləri silah zavodlarını tam güclə işləməyə vadar edib. Müəssisələr istehsal xətlərini genişləndirir və yenilərini açırlar.
Qərb kəşfiyyatının məlumatına görə, 2021-ci ildə, işğaldan əvvəl Rusiya cəmi 40 T-90M tankı istehsal edirdisə, indi ildə təxminən 300 tank buraxır. Finlandiyalı yüksək rütbəli hərbçi qeyd edir ki, bu tankların çoxu Ukraynaya göndərilmir, Rusiyada ehtiyatda saxlanılır.
Artilleriya və sursat istehsalının bu il təxminən 20 faiz artacağı, pilotsuz aparatların istehsal və keyfiyyətinin də ciddi şəkildə yüksəldiyi gözlənilir.
İşğal ssenariləri
Danimarka kəşfiyyatı xəbərdarlıq edir ki, Rusiya NATO-nun zəif olduğunu görsə, beş il ərzində Avropada genişmiqyaslı müharibəyə başlaya bilər.
Avropa kəşfiyyat rəsmisinin sözlərinə görə, Rusiya NATO-nun birliyini sınaqdan keçirmək üçün, məsələn, əhalisinin əhəmiyyətli hissəsi ruslar olan Estoniyaya müdaxilə edə bilər.
Karnegi Fondunun Rusiya və Avrasiya Proqramının böyük elmi işçisi Maykl Kofman deyir ki, Baltik ölkələrinin rəsmiləri müharibədən sonrakı 2-3 il ərzində riskləri nəzərə alır. NATO ilə genişmiqyaslı müharibə ssenarisində isə bu müddət 7-10 ilə qədər uzana bilər.
Ordunun yenidən qurulması
Qərbə yönəlmək üçün Kreml ölkə daxilində hərbi bölgə strukturunda dəyişikliklər edib: Moskva və Sankt-Peterburqun müdafiəsi üçün yeni hərbi dairələr yaradılıb.
Moskva hərbi dairəsi Rusiyanın avtomobil və dəmir yolu şəbəkəsini Belarusun infrastrukturuna inteqrasiya edir. Əsas canlı qüvvə artımı isə Estoniya, Latviya və Finlandiya ilə sərhəddə yerləşən Leninqrad dairəsində baş verəcək. Burada briqadalar say baxımından üç dəfə böyüyərək 10 min nəfərlik diviziyalara çevriləcək.
Kreml yeni sərhəd qoşunlarının ehtiyaclarını ödəmək üçün yenidən silahlanma planlarını uyğunlaşdırır. Ən yeni texnika bu bölmələrə veriləcək, Ukraynaya isə əsasən köhnə və təmir olunmuş sovet silahları göndərilir.
Rusiya-NATO müharibəsi ehtimalı
Danimarka Müdafiə Nazirliyinin qiymətləndirməsinə görə, altı aya Rusiya qonşu ölkələrdən birinə qarşı lokal müharibə apara biləcək, iki il ərzində bir neçə NATO ölkəsinə ciddi təhlükə yarada bilər, beş il sonra isə ABŞ iştirak etmədən Avropada genişmiqyaslı müharibəyə hazır ola bilər.
NATO artıq mümkün qarşıdurmaya hazırlıq görür, lakin Polşa Təhlükəsizlik Bürosunun rəhbəri general Dariuş Lukovski xəbərdarlıq edib ki, müharibə başlasa, Polşa cəmi bir-iki həftə dözə biləcək, sonra isə sursatı tükənəcək.