“İran Prezidenti Məsud Pezeşkian prezident seçildikdən sonra ilk dəfə Azərbaycana səfər edir. Səfər ciddi əhəmiyyət daşıyır və iki ölkə arasında münasibətlərin inkişafı baxımından növbəti bir səhifənin açılmasına səbəb ola bilər”.
Bunu Editor.az-a açıqlamasında siyasi analitik Kənan Novruzov deyib.
O bildirib ki, İranın hazırki hakimiyyəti özündən əvvəlki İbrahim Rəisi hakimiyyətinin səhvlərini təkrarlamaqda maraqlı deyil:
“Hazırki geosiyasi reallıq fonunda ABŞ-nin İrana təzyiqi, ABŞ-la İsrail arasındakı gərginlik də İranı Azərbaycanla münasibətləri inkişaf etdirməyə sövq edir. Çünki Azərbaycanın həm ABŞ, həm də İsraillə normal münasibətləri var.
Belə ki, perspektivdə Azərbaycan hansısa halda iki ölkə arasında vasitəçi ola bilər. Mayda Baş nazir Benyamin Netanyahunun da Azərbaycana səfəri gözlənilir. Belə bir zamanda Netanyahundan əvvəl Pezeşkianın Azərbaycana gəlməsi həm də Tehran baxımından bir dividentdir. Ancaq gərək İran tərəfi bu fürsəti düzgün dəyərləndirsin. Görüş zamanı ikitərəfli əlaqələrlə yanaşı, regional məsələlər, Yaxın Şərqdəki mövcud durum müzakirə olunacaq. Eyni zamanda, Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı məlumatlar veriləcək. Bu görüş nəinki regional, həm də geosiyasi konteksdə nizama müəyyən təsir edəcək”.
//Gülnarə Abasova, Editor.az