Bakı, 28 aprel, AZƏRTAC
Qırğızıstan Respublikasının Milli Bankı Faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə gümüş kolleksiya sikkəsini dövriyyəyə buraxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstanın Kabar agentliyi məlumat yayıb. Bildirilib ki, “Böyük Qələbənin 80 illiyi” sikkəsinin üz tərəfinin əsas süjetini bayram salamı formasında stilizə edilmiş “80” rəqəminin təsviri təşkil edir. Sikkənin yuxarı hissəsində ulduz təsvir edilib. Aşağı hissədə lentlə haşiyələnmiş qırmızı qərənfillərdən ibarət buket təsviri verilib. Sikkənin ətrafında “Böyük Qələbənin 80 illiyi” yazısı var.
Sikkənin arxa tərəfinin mərkəzində sülh və azadlığı simvolizə edən göyərçinlər fonunda “2025” və “1945” yazısı ilə haşiyələnmiş Qırğız Respublikasının gerbi təsvir edilib.