ABŞ qüvvələrinin Yəmənin Səda şəhərində afrikalı miqrantların yerləşdiyi mərkəzə endirdiyi hücum nəticəsində həyatını itirənlərin sayı 68-ə yüksəlib.
BAKU.WS xəbər verir ki, "Al Masirah TV"nin məlumatına görə, Səda şəhərində afrikalı miqrantların saxlanıldığı bir mərkəzə təşkil olunan hücumda 68 nəfər həyatını itirib, 50 nəfər isə yaralanaraq yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Yəmən Daxili İşlər Nazirliyi hücumun baş verdiyi mərkəzdə ümumilikdə 115 afrikalı miqrantın olduğunu açıqlayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trump 15 martda husilərin İsraillə əlaqəli gəmilərə hücumlarını dayandırmadığı üçün onlara qarşı hərbi əməliyyatlar keçirilməsi barədə orduya göstəriş vermişdi. Trump bildirib ki, "Husilərin ABŞ gəmilərinə qarşı hücumlarına dözümlü yanaşılmayacaq və məqsədimizə çatana qədər əzmkar və ölümcül güc tətbiq olunacaq".
Qeyd edək ki, ABŞ ordusu 17 aprel tarixində Yəməndəki Ras İsa Limanına da hücum təşkil etmiş, həmin hücumda isə 80 nəfər həyatını itirmişdi.