AZ

Qəhrəmanlıq salnaməsini yazan igid - FOTO

44 günlük haqq savaşımızda  Vətəni canından əziz tutub  onun yolunda şəhid olan qeyrətli oğullardan biri də  1997-ci il mayın 21-də Cəlilabad şəhərində dünyaya göz açan, Qum Ali Dini Elmi Hövzəsinin Cameətul-Mustafa  Beynəlxalq İslam Elmləri Akademiyasının Təbriz filialının tələbəsi, ilahiyyatçı Maarif Səfərovdur. Bu ölümsüzlüyə qovuşan Vətən sevdalısı cismən aramızdan getsə də, Azərbaycan xalqı onu öz ürəyində yaşatmaqla  hər yerdə, həmişə böyük ehtiramla yad edir.  Layiq görüldüyü  Cəbrayılın, Qubadlının azadlığına görə , "Vətən uğrunda",  "Cəsur döyüşçü" medalları və “Vətənə xidmətə görə” ordeni  şəhid Maarif Səfərovun  çətin müharibə meydanında göstərdiyi rəşadətə gözəl nümunədir.

Maarif  Mikayıl oğlu Səfərov  özünü bilən  gündən  həyatının mənasını Vətəninə, xalqına  təmənnasiz  xidmətdə görüb. Amalı düzlük, halalıq olan Maarifi xeyirxah əməllərinə görə el ürəkdən sevib, ona hörmət bəsləyib. Ağıllı, zəhmət sevər bir gənc olaraq  hamının işinə yarayıb, həyatını  xalqa, Vətənə layiqli övlad kimi yaşayıb.

Düşmənə əsir düşən  Qarabağın dərdi də  Maarifi gecə-gündüz narahat edib. Erməni qəsbkarların işğal etdikləri  Vətən torpaqların hər qarışı uğrunda döyüşə hazır olub.   Həmçinin, hələ Murov dağında həqiqi  xidmət zamanı komandiri  olan general-mayor Polad Həşimovun şəhid olması xəbəri Maarifi çox sarsıdıb.  Odur ki,  Vətənin ağır günlərində öz yerini cəbhə bölgəsində görən vətənpərvər gənc   Tovuz istiqamətində mənfur düşmənin növbəti təxribatı zamanı könüllü olaraq cəbhəyə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət  edib.

Maarifin bu arzusu reallaşıb.  Əsgərlik dövründə öz bacarığı hesabına hərbin  sirlərinə yiyələndiyi üçün bir başa  səngərə yollanıb,  əzəli yurd yerimiz Qarabağın  son qarış torpağının  azad olunacağı  günədək  düşmənlə  döyüşəcəyinə and içib.

İkinci Qarabağ müharibəsi başlanan gündən igid döyüşçü yağıya qan qusdurub. Hər zəfərdən sonra onun  qəlbində erməni  dığalardan  intiqam, qisas almaq alovu get-gedə güclənib. Döyüşdən-döyüşə mərdliyi, qəhrəmanlığı  ən ağır  savaşda əsgər yoldaşlarını qələbəyə aparıb.

Çox rayonların azadlığı uğrunda gedən vuruşlarda  birbaşa iştirak edib, düşmənə layiqli cavab verib.  Neçə-neçə ölüm-dirim sınaqlardan qalib çıxan qəhrəman   oktyabrın 21-də Qubadlı istiqamətində gedən  müharibədə  yağı gülləsinə tuş gəlib, 23 yaşında əbədiyyətə qovuşub.

Zəfər ORUCOĞLU, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Seçilən
7
hurriyyet.az

1Mənbələr