AZ

İran prezidentinin Bakıya gəlişi nəyi dəyişəcək? – Tarixi səfərdən gözləntilər

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
 
Bu tarixi səfər barədə Moderator.az-a danışan politoloq Natiq Miri bildirib ki, İran prezidentinin Azərbaycana səfəri mühüm əhəmiyyət daşıyır:
“Çünki hər iki dövlətin prezidenti türk mənşəlidir və belə bir fürsət bir əsrdə nadir hallarda olur. Eyni zamanda, bu səfər iki dövlət arasında mövcud olan problemlərin həllinə imkan verə bilər və bu maneələrin aradan qaldırılması üçün birgə mexanizmlərin yaradılması müzakirə mövzusu ola bilər. Təbii ki, səfər çərçivəsində əsas diqqət iqtisadi əlaqələrin inkişafına, xüsusilə nəqliyyat və logistika sahələrinə yönələcək. Bir tərəfdə Şimal-Cənub nəqliyyat dəhlizi, digər tərəfdə isə Zəngilandan, Ağbənddən keçərək İrana və Arazboyu Naxçıvana çəkilməsi planlaşdırılan dəmir yolu və avtomobil yolunun başa çatdırılması məsələləri müzakirə olunacaq. Bu layihələr hər iki ölkə üçün xüsusi əhəmiyyət kəsb edir”
 
Politoloq qeyd edib ki, bununla yanaşı, İranın zaman-zaman Azərbaycanın əleyhinə olan fəaliyyətləri də ciddi şəkildə gündəmdə olacaq:
“İran xüsusi xidmət orqanları hər zaman Azərbaycanda casus şəbəkəsini genişləndirib və bu şəbəkədən Azərbaycan dövləti əleyhinə istifadə edib, hətta terror aktlarının törədilməsində rol oynayıb. Bu, iki qonşu dövlət arasında baş verməməli olan bir haldır. Azərbaycan tərəfindən İrana yönəlik bu cür fəaliyyətlərin nə tarixi olub, nə də ola bilər. Çünki Azərbaycan üçün digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsipal mövqedir və bu mövqe daim qorunub saxlanılıb. Bundan əlavə, Azərbaycan heç zaman üçüncü bir dövlətin onun ərazisindən İrana qarşı plastdarm kimi istifadə edilməsinə razılıq verməyib və belə bir siyasəti qəbul etmir. Bunlar çox əhəmiyyətli məsələlərdir və İran bu reallıqları dəyərləndirməlidir. Eyni zamanda, Azərbaycan əleyhinə Ermənistana yardım göstərilməsi, silah-sursatın İran ərazisindən Ermənistana daşınması kimi ciddi problemlər də münasibətlərə zərbə vuran amillər sırasındadır. Təbii ki, bu səfər çərçivəsində ABŞ–İsrail–İran xəttindəki gərginlik də müzakirə mövzusu olacaq. Əgər ABŞ və İran arasında müəyyən razılıqlar əldə olunarsa, bu kontekstdə İrana qarşı mümkün hərbi əməliyyatların qarşısının alınmasında Azərbaycanın oynaya biləcəyi strateji rol da diqqət mərkəzində ola bilər. Azərbaycan hər zaman sübut edib ki, həqiqi dostlara və qonşulara əl uzatmağa hazırdır. Düşünürəm ki, bu məsələlər də səfər zamanı gündəmdə olacaq. Hər halda, bu, bir fürsətdir. Yəni bir Azərbaycan türkü olan şəxsin İran prezidenti kimi Azərbaycana səfəri böyük əhəmiyyət daşıyır və əgər bu fürsət düzgün dəyərləndirilərsə, gələcəkdə münasibətlər üçün bir nemətə çevrilə bilər. Bu baxımdan gözləntilər böyükdür və əgər bu gözləntilər nəticəyə yönəlik olarsa, bu, iki ölkə arasındakı münasibətlərin müsbət istiqamətdə inkişafına ciddi təsir göstərəcək”.
 
Mehin Mehmanqızı
 
Seçilən
0
moderator.az

1Mənbələr