Cəbrayıl, Qubadlı və Zəngilan rayonları ərazisində qadın sahibkarlara verilmiş torpaq sahələrində ekoloji təmiz aqrar məhsulların istehsalı ilə məşğul olacaq müəssisələrin fəaliyyətə başlaması nəzərdə tutulur.
Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Səkinə Babayeva məlumat verib.
Onun sözlərinə görə, bu sahələrin “Məhəllə” və “Oba” konsepsiyası ilə inkişafı məqsədilə layihələr hazırlanıb.
“Bu yaxınlarda qadın sahibkarların təşəbbüsü ilə Xankəndi və Füzulidə xidmət sahəsində fəaliyyət göstərən daha iki müəssisə yaradıldı. Onlardan biri təmizlik, digəri isə restoran biznesinə aiddir. Növbəti ictimai iaşə obyektinin Daşaltıda açılması nəzərdə tutulur. Qeyd edim ki, ümumilikdə Qarabağda qadın sahibkarların təşəbbüsü ilə 20-dək müəssisə fəaliyyət göstərir”, - Səkinə Babayeva qeyd edib.