AZ

Mateo Reteqi Filippo İnzaqinin rekordunu təkrarladı

İtaliya yığmasının və “Atalanta”nın mərkəz hücumçusu Mateo Reteqi bu klubun keçmiş futbolçusu Filippo İnzaqinin rekordunu təkrarlayıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu bunu İtaliya A Seriyasının 34-cü turunda “Leççe”yə qarşı keçirdikləri oyunda reallaşdırıb.

1:1 hesabıyla yekunlaşmış oyunda komandasının yeganə qolunu vurmuş hücumçu İtaliya çempionatının cari mövsümündə 24-cü dəfə fərqlənib. Bununla da o, İnzaqinin rekordunu təkrarlayıb.

Xatırladaq ki, Filippo İnzaqi “Atalanta”da oynayarkən eyni sayda qolu 1996/1997-ci illər mövsümündə vurmuşdu. Amma Reteqi cari mövsümün qalan oyunlarında ən azı daha bir qol vursa, İnzaqinin rekordunu yeniləmiş olacaq.

Mateo Reteqi “River Pleyt” və “Boka Xuniors” kimi klubların yetirməsidir. O, icarə əsasında “Estudiantes” və “Talyeres”də də forma geyinib. Hücumçu 2022-ci ilin fevralında “Boka Xuniors”dan icarə əsasında “Tiqre” klubuna keçib. “Tiqre” “Boka Xuniors”a 8.05 milyon avro ödəməklə onun transfer hüquqlarını aldıqdan sonra 15,25 milyona “Cenoa”ya satıb. “Atalanta” da Reteqini 2024-cü ilin avqustunda 20,9 milyon avro müqabilində məhz “Cenoa”dan alıb.

Reteqi bu mövsüm “Atalanta”nın heyətində bütün yarışlarda meydana çıxdığı 45 matçda 27 qol vurub. O, bu görüşlərdə 6 məhsuldar ötürmə müəllifi də olub.

Mateo 2023-cü ildən dəvət aldığı İtaliya yığmasında 18 oyuna 6 qol vurub, 1 məhsuldar ötürmə verib. O, daha öncə Argentinanın U-19 yığmasında da oynayıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
2
arena.az

1Mənbələr