
“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti mövsümün sonunda klubdan ayrılaraq Braziliya millisinə rəhbərlik edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Nəşr braziliyalıları 2026-cı il dünya çempionatına məhz italiyalı mütəxəssisin hazırlayacağını iddia edib.
Nəşrin məlumatına görə, 65 yaşlı italiyalının müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Lakin o, artıq futbolçulara klubu tərk etmək niyyəti barədə məlumat verib.
“The Athletic” yazır ki, əməkdaşlığa xitam verilməsinin təfərrüatlarının razılaşdırılması üçün yaxın günlərdə tərəflər arasında növbəti danışıqlar aparılacaq.
Digər tərəfdən, məşqçinin iyun ayında Klublararası Dünya Çempionatından əvvəl iş yerini dəyişəcəyi və “Real”a başqa məşqçinin rəhbərlik edəcəyi gözlənilir.
Madrid klubunun rəhbərliyi dünya çempionatında komandaya kimin rəhbərlik edəcəyi ilə bağlı seçim etməli olacaq. Favoritlər müvafiq olaraq Santyaqo Solari və Xabi Alonsodur. Alonso hazırda “Bayer”ə rəhbərlik edir.
Qeyd edək ki, İspaniya çempionatında 33 turdan sonra “Real” ikinci yerdədir. Komandanın 72 xalı var və lider “Barselona”dan 4 xal geri qalır.