BAKI, 28 aprel. TELEQRAF
Ölkəmizdə “2019–2030-cu illərdə Məşğulluq Strategiyası”nın, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Qanunların qəbul olunması işsiz və işaxtaran şəxslərin sosial müdafiəsi sahəsində aktiv tədbirlərin səmərəliliyinin artırılmasını təmin edir.
Teleqraf xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunan konfransda deyib.
O bildirib ki, həmçinin ünvanlılıq prinsipi əsasında çevik maliyyə mexanizminin formalaşmasını, məşğulluq xidmətlərinin yeni modelinin tətbiqini təmin edir.
Onun sözlərinə görə, 2018-ci ildən başlayaraq, görülmüş tədbirlər nəticəsində 1,6 milyon şəxs müxtəlif məşğulluq tədbirlərinə cəlb olunub:
"721 mindən artıq işsiz və işaxtaran şəxs münasib işlə təmin olunub, 42 mindən çox şəxs peşə hazırlığına, 3,3 min şəxs əməkhaqqının birgə maliyyəşməsi proqramına cəlb olunub. Məşğulluğun təminatı sahəsində əldə olunan bu nəticələrdə işəgötürənlərin rolunu xüsusi qeyd etmək lazımdır. Ötən dövrdə 97 mindən çox ailə üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılıb".
Nazir həmçinin əlavə edib ki, 2019-cu ilin may ayından bu günə kimi DOST Mərkəzlərində Vahid platformadan, tam şəffaf və operativ formada 3,4 milyondan çox vətəndaşa xidmət göstərilib və həmin xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,4 faizdir.