Britaniyada Rusiyanın Ukraynadakı qərb sülhməramlılarını insan haqları məhkəmələrində təqib edə biləcəyi ilə bağlı narahatlıqlar yaranıb...
Poliqon xəbər verir ki, bu barədə The Telegraph yazıb.
Britaniyanın kölgə müdafiə naziri Ceyms Kartlic ölkənin müdafiə naziri Con Hiliyə müraciət edərək, bu risklə əlaqədar olaraq sülhməramlı qüvvələr üçün Avropa İnsan Haqları Konvensiyasından (AİHK) çıxmağı nəzərdən keçirməyi tövsiyə edib. Kartlic xəbərdarlıq edib ki, Rusiya qarşıdurmalar təxribatı yarada və sonra insan haqları ilə bağlı işlərin London məhkəmələrində baxılmasına çalışa bilər.
Bununla belə, Hili bu narahatlıqları rədd edərək bildirib ki, Britaniya kontingenti döyüş qüvvəsi olmayacaq, yalnız ukraynalıların təlimi ilə məşğul olacaq və konvensiyaya riayət onların məqsədlərinə çatmağa mane olmayacaq.
"Britaniya hərbi əməliyyatlar həyata keçirərkən tam şəkildə Britaniya və beynəlxalq hüquqa əməl edir. Biz "istək koalisiyası" detallarını hazırlayarkən AİHK-nın müddəalarını lazımi qaydada nəzərə alacağıq", deyə Hili vurğulayıb.
O əlavə edib ki, koalisiyanın məqsədləri müasir və döyüş qabiliyyətli Ukrayna silahlı qüvvələrinin bərpasına yönələcək, döyüş əməliyyatlarının aparılmasına yox.
The Telegraph qeyd edir ki, müdafiə nazirinin bu bəyanatı "istək koalisiyası"nın ambisiyalarının azaldılması ehtimalını təsdiqləyir.
Xatırladaq ki, ötən ay baş nazir ser Kir Starmer bu missiyanı çəkindirici qüvvə kimi xarakterizə edərək, Britaniya "quru qoşunları və hava qüvvələrinin" iştirak edəcəyini bildirmişdi. Lakin Hilinin məktubunda qeyd olunur ki, hazırkı planlaşdırma Ukraynanın gələcək Rusiya təcavüzünü çəkindirə biləcək silahlı qüvvələrinin bərpasına kömək göstərmək üzərində cəmlənib.
İndi gözlənilir ki, britaniyalı əsgərlər ölkənin qərbində, sərhədlərdən uzaqda yerləşdiriləcək və əsasən təlim fəaliyyəti ilə məşğul olacaqlar. Onlar Ukraynanın hava məkanı və ərazi sularının müdafiəsi altında fəaliyyət göstərəcəklər.
Poliqon.info