"2019-2023-cü illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi zamanı Qlobal Cənub çərçivəsindəki dialoqa verdiyi töhfələr danılmazdır".
APA xəbər verir ki, Kuala-Lumpur şəhərinin meri Maimuna Mohd Şərif Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransında bildirib.
O həmçinin, Azərbaycanın ötən ilin noyabrında COP29-a ev sahibliyi etməsinin və ölkələr arasında birliyin əhəmiyyətindən danışıb:
"Bugünkü çətinliklərdən keçmək üçün birləşmək vacibdir. Ümumi məqsədlərimiz gələcəyin qurulmasıdır. Konfransa 137 dövlətin nümayəndəsinin iştirakı mühüm əhəmiyyətə malikdir. Qlobal Cənub QHT Platforması qarşımızda duran çağırışlarla mübarizədə mühüm rol oynayacaq. Bu ilin avqustunda Asiya Dayanıqlıq Forumu, Asiya Rəhbərlər Forumu və Asiya Paytaxt İdarəçilərinin Forumu keçiriləcək. Kuala-Lumpur şəhərində keçiriləcək daha bir forum Qadınların Şəhər İdarəetməsində iştirakına mühüm töhfə verəcək. Qlobal Cənub ölkələrinin əlindəki resurslar çox məhduddur. Mən inklüziv platformaları tam dəstəkləyirəm. Hesab edirəm ki, sarsılmaz həmrəyliyimiz parlaq gələcəyimizi təmin edəcək".