"İstənilən cəhddə ilk addım hər bir tərəfin öz hüdudları ilə kifayətlənməsi və digərinin torpağına və ya ərazisinə tamah salmamasıdır. Mübahisə o zaman başlayır ki, bir tərəf başqalarının torpaqlarına və ya ərazilərinə nəzarəti ələ keçirməyə çalışır. Nəticə etibarı ilə, bizim hər zaman müdafiə etdiyimiz və doğru getməli olduğumuza inandığımız şey ölkələrin hüquqlarına və ərazi bütövlüyünə hörmətdir. Biz bu prinsipə hörmət etməliyik".
Yenisabah.az xəbər verir ki, bunu AzTV-yə müsahibəsi zamanı İran prezidenti Məsud Pezeşkian deyib.
O, "Ermənistanla Azərbaycan arasında sülh prosesi hazırda ləng gedir. Bu prosesə kömək etmək üçün İranın mövqeyi necədir? İran rəsmi olaraq hansı dəstəyi verə bilər və regionda sabitliyin bərqərar olmasına və bununla bağlı lazımi əməkdaşlığa münasibətiniz necədir" sualına cavabın davamında bildirib:
"Bütün ölkələr, hətta özümüz belə beynəlxalq hüquq çərçivəsində bu qaydanı qəbul etmişik və ümid edirik ki, beynəlxalq çərçivələri qəbul etməklə Azərbaycan və Ermənistan arasında mövcud olan fikir ayrılıqları və narahatlıqlar aradan qaldırılacaq.
Problem o zaman başlayır ki, biz öz hüquqlarımızla kifayətlənmək istəmirik. Bu baş verəndə fikir ayrılığı yaranır. Biz həmişə Azərbaycanın hüquqlarını müdafiə etmişik və təbii ki, eyni çərçivədə Ermənistanın da hüquqlarını müdafiə edirik. Biz bunu etməyə çalışacağıq ki, hər iki tərəf sülh, qardaşlıq və qonşuluq çərçivəsində otursun, yaşasın, bir-birinə kömək etsin.
Telegram kanalımız