AZ

Şöbə müdiri: “Ayda və digər planetlərdə torpaq alınması fərdi şəxslərə aid məsələ deyil”

“Deyirlər ki, Ayda və ya başqa planetlərdə torpaq almaq lazımdır, sonra daha karlı olsun. Hansısa planetdə torpaq almaq adi adamın işi deyil. Orada müəyyən mineral ehtiyatlar və bu mineral ehtiyatlarla əlaqədar dövlətlərin maraqları var. Hələ bu maraqlar o demək deyil ki, həmin ehtiyatları çıxarmaq, yaxud istifadə etmək mümkün olacaq. Yerdəkindən baha, yaxud ucuz başa gələr - bunların hamısı iqtisadi hesablamalardır. Nə olsun ki, Antarktidada insan üçün yaşayış, həyat tərzi yoxdur. Amma görürsən, Antarktidada da hərə bir yer qapmaq istəyir. İnsanın xilqəti belədir, imkan daxilində daha çox əldə etmək istəyir, yəni Yeri qaydaya salmışıq, Yerdə tələbatımız ödənməyib, buna görə də başqa planetlərə üz tuturuq. Təbii ki, belə deyil. Bunların hamısı uydurma şeylərdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov deyib.

 

Alim bildirib ki, dövlətlər öz siyasi maraqlarından ötrü Ayda və ya başqa planetlərdə özləri üçün xəyali yer bölüşdürürlər: “Ola bilsin ki, gələcəkdə Yerdə mineral ehtiyatlar çatışmasın, insan kosmik fəzada olan ehtiyatlara üz tutsun. Amma gedib Ayda yaşamaq, həyat qurmaq barədə fikirləşmək, bunlar çox mürəkkəb məsələdir, asan deyil. Bizim kimi düşünən, həyat tərzi keçirən bir varlığın yaşaması üçün yalnız Yerə tam bənzəyən səma cismi olmalıdır. Bu da mümkün deyil. Səma cisimlərinin hər birinin özünəməxsus həyatı var. Biz onların işinə qarışmasaq, daha yaxşı olar. Amma öyrənməyimiz lazımdır. Bu, insanın ürəyindən gələn, daim onu düşündürən məsələdir. Lakin o demək deyil ki, onu hərbi yolla və s. mənimsəmək də lazımdır. Bütün insanlığı Avstraliya materikinə yığsaq, onları orada yaşatmaq mümkündür, amma sıxlıq da Banqladeşin sıxlığı qədər olacaq. Yerin imkanları genişdir, çox zəngindir, müəyyən elm sahələrinin inkişafı üçün maliyyə vəsaitləri lazımdır. Təkrar edirəm, Ayda və digər planetlərdə torpaq alınması fərdi şəxslərə aid məsələ deyil. Sözdür, yayırlar. Təqribən, XV-XVII əsrlərdə Avropada məsələ qaldırılmışdı ki, Cənnətdə yer satılır. Hətta geniş vüsət almışdı. Ayda torpaq almaq da buna bənzəyir. Yer bizə kifayət edir. Onun qədrini bilib, səmərəli şəkildə yaşamağı bacarmalıyıq. Səmərəli yaşayışı təşkil edə bilmiriksə, deməli, artıq insanlıqdan çıxmışıq, digər planetlərə üz tuturuq. Allah bizi ikincilərdən yox, birincilərdən etsin”.

 

Aytəkin Qardaşova

Tarix: 28 Aprel 2025, 09:44   
Seçilən
0
pravda.az

1Mənbələr