Super Liqa təmsilçisi “Trabzonspor” İran Pro Liqasında çempionluq uğrunda mübarizə aparan “Traktor” klubuna dəstəyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, “Trabzonspor” sosial media hesablarında bununla bağlı paylaşım edib. Paylaşımda bunlar yazılıb:
“2024-2025 İran Pro Liqasında çempionluq yolunda inamla irəliləyən, Azərbaycan Türklərinin qüruru olan “Traktor”u ürəkdən dəstəkləyirik. Möhtəşəm azarkeşləri ilə birlikdə göstərdikləri əzmkarlıq, mübarizə və qətiyyət təkcə futbol meydanlarında deyil, Türk dünyasının könlündə də dərin iz buraxır. “Traktor” bu çempionluq yolunda bir daha təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq. Yolunuz çempionluğa çıxsın!”
Türkiyə təmsilçisinin bu paylaşımından sonra, “Traktor” klubu da, sosial media hesablarında paylaşım edərək bunları qeyd edib:
“Trabzonspor”a ürəkdən təşəkkür edirik! Bu həmrəylik və qardaşlıq bizə böyük güc verir.
İnşallah, çempionluq bizim olacaq!
Yaşasın “Traktor”!
Yaşasın “Trabzonspor”!”