ABŞ-nin bir neçə nüfuzlu universitetinin rəhbərləri prezident Donald Trampın administrasiyasına qarşı çıxmaq üçün birləşiblər...
Poliqon xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Nəşr qeyd edir ki, son bir ay ərzində ABŞ səlahiyyətliləri Harvard Universitetinin akademik tədqiqatlar üçün bir neçə qrantını dondurub.
Nəşrin mənbələrinə görə, qeyri-rəsmi qrupa hazırda 10-a yaxın təhsil ocağı, o cümlədən “Ivy league” universitetləri, eləcə də əsasən “mavi” ştatların aparıcı özəl tədqiqat universitetləri daxildir.
Universitet rəhbərləri razılaşıblar ki, akademik muxtariyyətin qorunması əsas prinsipdir və bu məsələdə güzəştə getmək olmaz. Buraya tələbələrin qəbulu, işçilərin işə götürülməsi, tədrisin məzmunu və metodlarının müəyyən edilməsində müstəqillik daxildir.
Qeyd edək ki, daha əvvəl ABŞ səlahiyyətliləri Harvard Universitetinə verilən bir neçə qrantı dondurub, onun rəhbərliyini antisemitizmlə mübarizədə kifayət qədər iş görməməkdə ittiham edib. Harvard iddiaları rədd edərək deyir ki, hökumətin tələbləri onun muxtariyyətini təhdid edir və yəhudi tələbələrin təqiblərinə qarşı mübarizədən kənara çıxır.
Poliqon.info