AZ

Vardi 13 ildən sonra “Lester”i tərk edir

“Lester”in azarkeşləri son günlərdə bir-birinin ardınca bəd xəbərlər almaqdadı.

Aprelin 20-də onların sevimli klubu premyer-liqada qalmaq şansını itirdi və yenidən çempionşipə yuvarlandı. İndi isə belə məlum olur ki, 2015/16 mövsümündəki çempionluğun əsas memarı Ceymi Vardi komandanı tərk edir. Yəni “tülkülər” üçün qaranlıq dönəm başlayır.

“Lester”in mətbuat xidməti klub saytında 38 yaşlı hücumçunun müraciətini yayıb:
“Mən bu haqda düşündüm, ailəmlə danışdım. Görünür, zaman yetişib. Son oyun günündə içim boşalacaq, ancaq yaxşı olan hər şey bir gün başa çatır. Həmin gün çoxlu emosiya olacaq. Bütün bunların nə ilə bitəcəyini heç kim bilmir... Kimdən soruşsaz, deyər ki, mən o qədər də emosional adam deyiləm. Heç vaxt başıma belə iş gəlməyib. Ancaq hardasa belə uzun müddət olursansa və vidalaşmaq zamanı gəlirsə, buna necə reaksiya verəcəyini bilmirsən. Burda uzun müddət olduğuma görə azarkeşlər məni özünkü kimi qəbul edir. Həmişə buna görə minnətdarlıq etmək istəmişəm. “Lester” həmişə qəlbimdə vacib yer tutacaq. Bura ailədi. Fanatlar heç nəyə fikir vermədən həmişə yanımızdadılar. Bu, gözəl atmosferin hökm sürdüyü oyunlara da aiddi. Bu komandanın hər səfər oyununa yollanan sadiq azarkeşləri var. Gerçəkdən bunu çox yüksək dəyərləndirirəm. Günümzdə dünyada heç nə ucuz başa gəlmir. Bu üzdən onlar üçün pulunu sevimli klubu dəstəkləməyə xərcləmək qeyri-adi hissdi. Son 13 ildə bunun bir hissəsi olmaq da mənim üçün qeyri-adidi”.

Bildiyiniz kimi, “Lester” cari mövsümdə hədsiz uğursuz çıxış edir. “Tülkülər” son üç ildə 2-ci dəfə çempionşipə yuvarlanıb, baxmayaraq ki, irəlidə hələ beş oyun var. Ruud van Nistelroyun “sükan arxasına” keçməsi də işə yaramadı – vəziyyət bir qədər də pisləşdi. 33-cü turda “Liverpul”dan alınan məğlubiyyətdən sonra komanda elitada qalmaqla bağlı bütün şansını itirdi. “Lester”in sosial şəbəkə hesabında hətta bu məzmunlu açıqlama yayıldı:
“Bugünkü nəticə o anlama gəlir ki, çempionşipdə yerimiz hazırdı”.

Hələ də çempion komandanı xatırlayan Vardi çempionşipə yuvarlanmanı daha ağrılı qarşıladı. Əfsanəvi forvard fanatlara açıq məktub yazdı:
“Bu məqamda hətta nə deməli olduğumu bilmirəm. Heç bir söz bu mövsümün axarı ilə bağlı qəzəb və kədər hissimi ifadə edə bilməz. Heç bir bəraət yoxdu. Hamımız birlikdə - oyunçular və klub – uğursuzluğa düçar olduq. Bunu gizlətmək mümkün deyil, mənim heç belə fikrim də yoxdu. Bu klubda olduğum belə uzun müddət ərzində nə qədər yüksəliş və uğurlarımız olub... Ancaq bu mövsüm yalnız təəəsüf doğurur, şəxsən mənim üçün total biabırçılıqdı. Çox ağrılıdı və sizin də bu ağrını hiss etdiyinizi bilirəm. Azarkeşlərlə təəssüf hissimi bölüşürəm. Vəzifəmizin öhdəsindən gələ bilmədiyimizə görə bizi bağışlayın. Mövsümü belə zibil günündə bitirdiyimizə görə bizi bağışlayın”.

Bu açıq məktubdan dərhal sonra Ceyminin gələcəyini müzakirə etməyə başladılar. Britaniya mediasının yaydığı məlumata görə, o, hazırda iki variantı nəzərdən keçirir: müqavilə müddətini uzatmaq və ya çempionşipə yüksəlməyə yaxın olan “Rekshem”ə keçmək. İlk variantdan o artıq imtina edib.

Vardinin 38 yaşı var, “Lester”ə 2012-ci ilin yayında qoşulub. Ceymi bu komandanın heyətində müxtəlif turnirlərdə keçirdiyi 496 oyunda 198 qol vurub. “Tülkülər”in heyətində 2015/16 mövsümündə İngiltərə çempionu, həmçinin premyer-liqanın ən yaxşı oyunçusu olub. Bu, “Lester”in tarixindəki ilk və hələ ki yeganə çempionluqdu. Hücumçu premyer-liqada 143 qol vurub və bu nəticə ilə turnirin bombardirləri siyahısında 15-ci yerdədi.

Vardi həmçinin İngiltərə yığmasının heyətində keçirdiyi 26 oyunda 7 qol vurub, 1 məhsuldar ötürmə verib. 2015-18-ci illər aralığında milli forma geyib, Rusiyada keçirilən dünya çempionatından sonra yığma karyerasını başa vurub. DÇ-2018-də keçirdiyi 4 oyunda heç bir məhsuldar hərəkətlə yadda qalmayıb.

Ceymi avtobioqrafik kitabında yazır ki, bunun üzərində işləyəndə arzularından nə qədər uzaqda olduğunu, arzularına çatmaq üçün nə qədər uzun qol qət etdiyini anlayıb. Ona uzun müddət lazım gəlib, ancaq əziyyət çəkməyə dəyərmiş. Vardinin növbəti addımından yayda xəbər tutacağıq. O hələ də hamını təəccübləndirməyə qadirdi.
Seçilən
10
football-plus.az

1Mənbələr