İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian iki ölkə arasında geniş əməkdaşlıq potensialının olduğunu bildirib.
Operativ Media-nın məlumatına görə, o, bu fikirləri AzTV-yə müsahibəsində səsləndirib.
Prezident qeyd edib ki, İran və Azərbaycan kimi qonşu və qardaş ölkələr qarşılıqlı münasibətləri daha da inkişaf etdirmək üçün bir çox imkanlara malikdir:
“İki qonşu və qardaş bir-biri ilə nə etməlidir? Əlimizdə olan bütün potensial – istər iqtisadi, istərsə də elmi və sənaye sahələrində əlaqələrimiz üçün istifadə edilə bilər.”
O vurğulayıb ki, əməkdaşlıq sahələrinə dair heç bir məhdudiyyət yoxdur.
Onun sözlərinə görə, parlamentlər, universitetlər və alimlər arasında münasibətlər inkişaf etdirilməlidir.
“Səhiyyə, dərman istehsalı, tibbi təchizat sahələrində də ortaq layihələr mümkündür. Eyni zamanda sənaye və ticarət əlaqələrini genişləndirmək, birgə əməkdaşlıqları gücləndirmək üçün də qarşılıqlı addımlar ata bilərik,” – deyə Pezeşkian bildirib.
İran Prezidenti əlavə edib ki, mədəniyyət və idman sahələrində də əməkdaşlıq iki ölkənin yaxınlaşmasına töhfə verə bilər.