AZ

Tramp administrasiyası "Vikipediya"nı məhv etməklə hədələyir

"Vikipediya"nın xarici şəxslərə məlumatı manipulyasiya etməyə və ABŞ ictimaiyyətinə təbliğat yaymağa imkan verdiyi iddia edilir..."
 
Rusiya təbliğat kanallarının daimi iştirakçısı Ed Martin Tramp tərəfindən Kolumbiya dairəsinin (Vaşinqton) federal prokuroru təyin edildikdən sonra yeni əldə etdiyi səlahiyyətlərdən "Vikipediya"ya hücum üçün istifadə edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, Martin öz yurisdiksiyasında qeydiyyatdan keçmiş "Wikimedia Foundation" qeyri-kommersiya təşkilatını Kolumbiya dairəsinin qanunlarını pozmaqda və "informasiya manipulyasiyasında" ittiham edir.
 
Aprelin 24-də Martin "Wikimedia Foundation"-a dəhşətli məzmunlu hədə dolu bir məktub göndərib. Məktub Tramp administrasiyasının informasiya dövrünün ən böyük nailiyyəti olan, milyonlarla həvəskarın könüllü zəhməti və yüz milyonlarla minnətdar oxucunun ianələri hesabına yaradılan, daim yenilənən qlobal ensiklopedik məlumat bazası olan "Vikipediya"nı məhv etmək niyyətində olduğunu açıq şəkildə göstərir.
 
Prokuror anonim vətəndaşların müraciətlərinə (burada əsasən "Vikipediya"nın başlıca düşməni İlon Maskı asanlıqla nəzərdə tutmaq olar) istinad edərək bildirir ki, ona "Vikipediya"nın qanunsuz fəaliyyətlə məşğul olması və vergi azadlığından yararlanan qeyri-kommersiya təşkilatlarına tətbiq edilən tələblərə əməl etməməsi barədə məlumatlar çatıb. 
 
Konkret olaraq "Vikipediya"nın xarici şəxslərə məlumatı manipulyasiya etməyə və ABŞ ictimaiyyətinə təbliğat yaymağa imkan verdiyi iddia edilir. Prokuror yazır: "Vikipediya" platformasında informasiya manipulyasiyalarına, əsas tarixi hadisələrin, ABŞ-ın indiki və keçmiş liderlərinin bioqrafik məlumatlarının və milli təhlükəsizlik və maraqlar üçün mühüm olan digər mövzuların təhrif olunmasına şərait yaradır".
 
Martin "Wikimedia Foundation"-ı onun idarə heyətinin "əsasən xarici vətəndaşlardan ibarət olması"nda ittiham edir ki, bu da "Amerika vergi ödəyicilərinin maraqlarını pozur". Prokurorun sözlərinə görə, fondun beynəlxalq idarə heyəti məlumatların neytrallığını təmin etmir, əksinə, "xarici dövlətlərin maraqlarına xidmət edir". 
 
Həmçinin qeyd edilir ki, "Google" axtarış sisteminin "Vikipediya" məqalələrini nəticələrin ən yuxarısında göstərməsi ABŞ-a "xarici təbliğatın" vurduğu zərəri daha da artırır. Prokuror iddia edir ki, "Vikipediya" xarici təbliğatı "yumaqla" məşğuldur, onun materialları əsasında dil modelləri (süni intellekt) hazırlanır və bu "düşmən təbliğatı" ABŞ-ın təhsil sisteminə sirayət edir.
 
Martin bildirir ki, bu ittihamlar üzrə "araşdırmaya" başlayıb və "Wikimedia Foundation"-dan mayın 15-dək 12 tamamilə absurd sual üzrə ətraflı cavab təqdim etməyi tələb edir, əks halda "Vikipediya"nı vergi güzəştlərindən məhrum etməklə hədələyir (Trampın daha əvvəl başqa bəhanə ilə Harvard Universitetinə qarşı etdiyi kimi).
 
"The New York Times" nəşrinin məlumatına görə, Martin oxşar hədə məktublarını dörd aparıcı tibb jurnalına da göndərib və onları "qərəzlilik" və "partiyapərəstlik"də günahlandırıb.
Seçilən
10
moderator.az

1Mənbələr