AZ

Osimhen rekordunu yeniləmək üzrədi

''Eyüpspor''a qarşı oyunun ''Qalatasaray''ın çalışdırıcısı Okan Burukun baş məşqçi kimi Türkiyə çempionatında yubiley - 300-cü matçı olacağını xəbər vermişdik. Amma ''Cim-Bom''un qol maşını Viktor Osimhen də məhz bu oyunda karyerasında yeni göstəriciyə nail ola bilər.

Belə ki, nigeriyalı forvardı karyerasının ən məhsuldar mövsümünü keçirməsindən cəmi 2 qol ayırır. Osimhen peşəkar karyerasında bir mövsümə ən yaxşı halda 31 qol vurub. O, bunu 2022/23-də ''Napoli'' ilə A seriyasının çempionu olduğu mövsümdə bacarıb. Həmin vaxt Osimhen 39 rəsmi oyunda 31 dəfə fərqlənmişdi.

Bu mövsüm isə 26 yaşlı forvard İstanbul nəhənginin heyətində keçirdiyi 35 rəsmi oyunda 30 qol vurub. Yəni Osimhen ''Eyüpspor''un qapısına 1 dəfə yol tapsa, şəxsi rekordunu təkrarlayacaq. O, dubl edəcəyi təqdirdə isə rekordunu yeniləyərək karyerasının ən məhsuldar mövsümünü keçirmiş olacaq.

Seçilən
8
football-plus.az

1Mənbələr