Bu gün Rusiyanın müsəlman şərqində ilk azad parlamentli respublika olan Azərbaycan Cümhuriyyətini işğal etməsindən 105 il ötür. Bu faciəvi hadisəyə istər mühacirətdə yaşayan siyasi xadimlər, istərsə də Meydan hərəkatının təbii nəticəsi olaraq 1991-ci ildə hüquqi qiymət verilib, işğal faktı Müstəqillik Aktında yer alıb. Şübhəsiz ki, Azərbaycan tarixində yer alan bu məşum hadisə barədə kifayət qədər tarixi sənədlər, xatirələr, şərhlər yazılıbdır. Biz bu məqalədə unudulmuş bir xatirədən və məktubdan bəhs edəcəyik.
İşğal necə baş verdi?
Rusiyanın planı əsasında ermənilər 1920-ci il martın 22-də – Novruz bayramı gecəsi Xankəndindəki Azərbaycan ordusu hissələrinə hücum etdilər. Bundan sonra onlar eyni zamanda Dağlıq Qarabağ, Naxçıvan və Ordubadda da Azərbaycan əleyhinə qiyam qaldırdılar. Qazaxda da hakimiyyət əleyhinə çıxışlar baş verdi. Azərbaycan Ordusunun başlıca qüvvələri erməni qiyamını yatırmağa göndərildi. Bakıda cəmi 2 minlik qüvvə qaldı ki, o da hakimiyyət binalarını qoruyurdu.
Bolşeviklərin Azərbaycanda yaydığı başlıca təbliğatlardan biri bu idi ki, Bakıya gələn XI ordu Türkiyənin istiqlal savaşına yardım etmək üçün ərazimizdən keçmək istəyir, ancaq “ingilislərə satılmış Müsavat hökuməti” buna yol vermir. Təbliğatçıların arasında türkiyəli hərbçi və müəllimlərin çoxluğu xalqı bu sözlərin doğruluğuna xeyli inandırırdı.
XI ordu aprelin 26-sında artıq Azərbaycan sərhədlərini keçərək 27 apreldə Quba və Qusarı işğal etdi. Həmin gün səhər tezdən bolşeviklərin silahlı dəstələri həm Bakı şəhəri daxilində, həm də onun kənarlarında mühüm obyektləri: dəmiryol vağzalı, poçt, teleqraf, radiostansiya, polis məntəqələri, iri neft mədənləri və sənaye müəssisələri, hərbi və ticarət limanı və b. yerləri ələ keçirdilər. Bakının şimal sərhədi və Gəncə arasında telefon və teleqraf əlaqəsi kəsildi, bu da hökumətin əyalətlərdəki özünə sadiq hərbi hissələri vaxtında köməyə çağırmasına imkan vermədi.
İşğal əməliyyatında Xəzər hərbi donanması önəmli rol oynadı. Donanma gəmilərinin heyəti bu dönəmdə bolşeviklərdən və onlara rəğbət bəsləyən matroslardan ibarətdi. Hakimiyyəti hələ mövcud olmayan Azərbaycan Sovet hökumətinə 2 saat ərzində təhvil vermək ultimatumu göndərən Çingiz İldırımın başçılığı etdiyi hərbi gəmilər sahildə düzülərək öz toplarını Parlament və hökumət binalarına tuşlamışdılar.
Ultimatumu müzakirə etmək üçün parlamentin son iclasından öncə sədr Məhəmmədhəsən Hacınski və üzvlər Məhəmmədəmin Rəsulzadə, Qara bəy Qarabəyov, Aslan bəy Səfikürdski və Aslan bəy Qardaşovdan ibarət bir komissiya yaradıldı. Komissiyanın qərarını müzakirə etməzdən öncə Rəsulzadə təklif etdi ki, çıxardığımız tarixi qərarı millətdən xəbərsiz çıxarmayaq. “Ölkə Parlamentinin qapısını açıq qoyaq ki, hər kəs nə cür təhlükəli vəziyyət içində olduğumuzu, nə cür qərar qəbul edəcəyimizi bilsin”. Onun təklifi bəyənilərək qəbul edildi.
Məhəmmədhəsən Hacınski ilk söz alaraq dedi:
“Bir komissiya təşkil olunmuşdur və mən onun sədriyəm. Arkadaşlarla bərabər biz yerli kommunist firqəsi nümayəndələri ilə müzakirəyə girişdik. Burada olan Azərbaycan kommunist firqəsindən bir məktub gəlib. Bu məktubun məzmununu hamı bilir. [...] Mərkəzi Azərbaycan kommunist firqəsi bizə təklif edir ki, axşam saat 7-yə qədər hökuməti onlara təslim edək. Bununla belə, əmin edirlər ki, onların şərtlərini qəbul etsək qızıl ordu əsla Bakıya gəlməyəcək və qızıl ordunun Bakıya gəlməməsi üçün onlar əllərindən gələni edəcəklər. Onlar deyir ki, hökumət Azərbaycan kommunistlərinin əlində olarsa, qızıl ordu heç bir vədə buraya gəlməyəcək. Hökumət mexaniki surətdə təslim edilməlidir. Nə kimi məmurlar varsa, hamı öz yerlərində qalacaqlar. Yalnız hökumət başında olanlar kənar edilib, yerlərinə Azərbaycan kommunistləri keçir və müsəlmanlardan başqa orada kimsə yoxdur. Altıncı şərtləri budur: bu gecə bu məsələ həll olunarsa, onlar bir deklarasiya çıxarırlar ki, Azərbaycan Parlamentinə daxil olan siyasi firqələr müsavi (bərabər) və azad fəaliyyət göstərəcəklər. Onlara qarşı və xüsusən hökumət üzvlərinə qarşı heç bir xüsusi tədbir görülməyəcək və onlar təqib olunmayacaqlar. Gələn qızıl ordunun məqsədləri məzlum millətə yardım etməkdir. Biz tərəfdən də bir neçə təklif verildi, lakin onlar qəbul etmədilər”.
Bundan sonra Məhəmmədəmin bəy söz alaraq tarixi nitqini söylədi:
“Əfəndilər! Mütəcasirbir ultimatum qarşısında bulunuruz. Burada təslimdən bəhs edirlər. Fəqət, əfəndilər, təslim nə demək?.. Kimə tərki-mövqe ediriz?..Bizə deyirlər ki, hüdudumuzu keçən ordunun başında Nicatinamında bir Türk komandanı durmuşdur. Rusiyadan gələn bu mütəcavizordu, təmin edirlərki, həyat və məmat mücadiləsində bulunanTürkiyəni xilas üçün gedir.
Əfəndilər! Türkiyə Azərbaycanın xilaskarıdır, amali-milliyyəmizin təbcil elədiyimüqəddəs bir məmləkətdir. Onun xilasına gedən qüvvəti biz məmnuniyyətlə istiqbal və təşyi edəriz, fəqət bir şərtlə ki, bu qüvvət bizim hürriyyətimizi, istiqlalımızı çığnamasın. Halbuki, əfəndilər, bizdən soruşmadan hüdudumuzu keçən hər hansı bir qüvvət dostumuz deyil, düşmənimizdir!
Duyduğumuz bu propaqanda düşmən propaqandasıdır. Bizi iğfal edirlər. Yalandır, gələn ordu rus ordusudur. Fərzən komandanı bir Türk olsa da yenə rusdur. İstila ordusudur; onun istədiyi 1914-cü il hüduduna qonmaqdır. Anadolu imdadına gedəcək bəhanəsiylə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir.
Qızıl Rusiya ilə bəhəməhalanlaşmaq üçün hökuməti mütləqa bolşeviklərə təslim və ultimatumu qəbul etmək zilliyyətinə qatlanmağaehtiyac yoxdur. Bu mütəcasiranə ultumatum kəmali-nifrətlə rədd edilməlidir. İxtilalçıRusiya ilə mübariz Türkiyənin müvasilə və təsanüdünü təmin etmək zərurətiylə radikal bir hökumətin məbusantərəfindən təşkili və bu hökumətə səlahiyyəti-vasiəverilməsiylə tədili-siyasət etmək qabildir. Məbusan zatən böylə bir təşəbbüslə məşğuldur. Bu surətlə həm Rusiya ilə bir lisani-ümumi bulunar, həm də istiqlali-millimiz rəxnədar olmaz, eyni zamanda, Anadoluya imdad məqsədi də hasil olur. Başqa cür edilən hər hansı bir güzəşt hüquqi-milləti təslimdən ibarət olur ki, buna qatlanmaq mühilli-şərəfolduğu kimi, böyük bir fəlakəti dəxi mücibdir!..İstiqlalımızı göz bəbəyi kimi müdafiəyə qərar verən bir Məclisə dinlədiyi bu ultumatumu qəbul etmək hökuməti kəndi əliylə dost kisvəsinəbürünmüş düşmənə təslim etməkdir!Biz buraya millətin iradə və arzusu ilə gəldik, bizi buradan yalnız qüvvət və süngü çıxarmalıdır!..”.
Rəsulzadənin bu nitqi, əlbəttə, bütövlükdə Müsavat firqəsinin və ümumən Azərbaycanı sevən bütün vətənpərvərlərin mövqeyi idi.Təslimçi çıxış edənlər də oldu. Məsələn, Səmədağa Ağamalıoğlu dedi: “Təslimdən başqa çarə yoxdur, çünkü artıq iş işdən keçib”.
Beləliklə, mövcud vəziyyət hökumətin kommunistlərə verilməsini şərtləndirdi. 27 aprel 1920-ci ilaxşam saat 23.00-də Parlament əksəriyyət səslə hakimiyyətin aşağıdakı şərtlərlə bolşeviklərə təhvil verilməsini qəbul etdi:
1. Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti saxlanılır;
2. Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır;
3. Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan Fəhlə, Kəndli və Əsgər Deputatları Sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirəcəkdir;
4. Hökumət idarəsinin bütün qulluqçuları öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir;
5. Yeni yaradılan müvəqqəti kommunist hökuməti parlament və hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir;
6. Qırmızı ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcəkdir;
7. Yeni hökumət haradan baş verməsindən asılı olmayaraq, Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı öz sərəncamında olan vasitələrlə qəti tədbirlər görəcəkdir.
Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin adından hərbi yardım xahişilə Moskvaya radioteleqram göndərildi. Sənəddə yazılmışdı: “Bakıda çevriliş baş vermişdir və biz qırmızı qoşunların Bakıya yeridilməsini xahiş edirik”. Çox keçmədən həmin qoşunlar Kirov, Orconikidze, Mikoyan və başqalarının başçılığı altında nəinki Bakını, bütün Azərbaycanı işğal etdi və azadlıqsevər əhaliyə amansız divan tutdu. Beləliklə, xarici təcavüz nəticəsində Azərbaycan Cümhuriyyəti süquta uğradı.
Bu tarixi hadisə sənədlərlə yanaşı sonradan yazılan əsərlərdə və xatirələrdə də yer aldı.
“Rəsulzadənin və Rüstəmbəyovun kəskin etirazlarına baxmayaraq...”
Sovet Azərbaycanının Ankaradakı səfarətxanasında çalışmış, daha sonra İstanbula qaçaraq oraya sığınmış azərbaycanlı hərbi attaşenin “Azərbaycan faciəsi” adlı xatirəsində hökumətin son günləri və işğal faktı ilə bağlı bir sıra maraqlı məqamlara toxunulub. O, 27 apreldə bolşeviklərin Azərbaycana soxulmasını bu şəkildə qeyd edib:
“Bolşeviklər sərhəddə heç bir müqavimətə rast gəlməyərək və ölkə daxilində öz təbliğatlarının nəticələrinə arxayın olaraq sərbəst və maneəsiz 1920-ci il aprelin 27-də Azərbaycan hüdudlarına soxuldular. Bu həlledici anda nazirlərin çoxusu ölkəni və xalqı taleyin ümidinə buraxmağı və salamatlıqla sərhədi keçməyi üstün tutdular. Hökumət və məclisin qalan üzvləri parlamentə yığılıb M. Rəsulzadənin sədrlik etdiyi hay-küylü yığıncaq keçirdilər. Mövcud vəziyyəti müzakirə edərək hakimiyyəti bolşeviklərə sakitcəsinə verməyə meyilli olduqlarını hiss etdirdilər. Rəsulzadənin və Ş. Rüstəmbəyovun kəskin etirazlarına baxmayaraq parlamentin əksəriyyəti ən sol üzvlərin simasında hakimiyyəti bolşeviklərə verməyi qərara aldı. Onlar bu məsələ ilə bağlı ultimativ tələblər irəli sürürdülər. Hökumət yıxıldı və hakimiyyəti öz əllərinə almış sollar bolşeviklərə dəvət teleqrafları göndərməyə tələsdilər və “Azərbaycan xalqı” adından Bakıya daxil olmağı xahiş etdilər. Boleşviklər elə sürətlə və kortəbii şəkildə irəliləyirdilər ki, dəmiryolunun ixtiyarında olan sahə qubernatorunun teleqrafla verdiyi məlumata görə, geri çəkilən Azərbaycan zirehli maşınları sürəti saatda 60 verstə qədər artırmağa məcbur oldular. Xarakterikdir ki, 3 nömrəli zirehli maşın hücum edənlərə yalnız bir atəş aça bildi. Silah nasaz olduğundan daha atəş açmaq mümkün olmadı. Qatarın rəisi poruçik Kaftaradze idi. Bu da xəyanətin növbəti nümunəsi idi. Bakıya daxil olan ordu bütün yaşlarda və mənşədə dilənçilər və səfillər sürüsündən ibarət idi. Abırlı geyinmiş qızıl əsgərlərlə yanaşı, dilənçi kökündə, ayaqyalın, kirli-palçıqlı adamlara da rast gəlirdin ki, onları ordunun sıravi döyüşçüsündən başqa kimə desən oxşatmaq olardı. Bu arıqlamış, gücdən düşmüş, kirli, yarıac “əsgərlər”ə adamın yazığı gəlirdi. Bu ac-yalavac sürünün çiçəklənən və zəngin bir diyara necə acgözlüklə daraşdığını təsəvvür etmək çətin deyil. İlk həmləyə məruz qalan hərbi anbarlar və təchizat anbarları oldu. Bir neçə gün qabaq İtaliyadan alınmış 35.000 dəst geyim tezliklə yoxa çıxdı, ondan sonra növbə başqa hərbi ləvazimatlara və silah ehtiyatlarına çatdı və artıq Azərbaycan ordusu qərargahının, elə ordunun özünün də yalnız adı qaldı. Əksinə gələn ordu hansısa bədbəxt tacir və ya burjuanın əlindən alınmış geyimlərlə, italyan qadın çəkmələrindən tutmuş kəndli başmaqlarınadək başdan-ayağa geyinmişdilər”.
“Çingiz İldırım ehtiyatsızlıqla yığıncaqda elan edib ki...”
Hərbi attaşe xatirələrinin davamında inqilab tribunalının qurulmasından və yerli bolşevik rəhbərlərindən bəhs edib. O, inqilab komitəsinin rəhbəri Nəriman Nərimanovun şəxsiyyətini bu şəkildə xarakterizə edib: “İnqilab Komitəsinə Bakının alınmasından bir ay sonra Moskvadan gəlmiş Nəriman Nərimanov rəhbərlik edirdi. İxtisasca həkim, Qafqaz müsəlmanları arasında geniş yayılmış bir neçə kitabın müəllifi N. Nərimanov əzilən Azərbaycan xalqına dayaq olması, xasiyyətinin yumşaqlığı ilə bütün digər komissarlardan daha rəğbətlə qarşılanır. Ancaq yumşaq xasiyyətli olması onu xaraktersizliyə və qorxaqlığa gətirib çıxarır ki, bu da onun ən böyük naqis cəhətlərindəndir”.
Digər yerli bolşevikləri də dəqiq təsvir edən hərbi attaşe maraqlı məlumatlar da verib: “Hakimiyyət başında olanlardan qəddarlığı ilə fərqlənən hərbi dəniz işləri üzrə komissar Əliheydər Qarayevi göstərə bilərik. Hərbi işdən tam xəbərsiz olan Qarayevin avamlığını xarakterizə edən saysız-hesabsız faktlardan biri: ondan inqilab komitəsində soruşanda ki, 11-ci ordunun hərbi şurasında Azərbaycanın hərbi gəmiləri olan “Ərdəhan” və “Astrabad” kanonerka qayıqlarını Rusiyaya verən sənədi hansı əsasla imzalamısan. Qarayev özünü itirmiş halda cavab verib ki, mən bu gəmiləri adicə qayıq hesab etmişəm, odur ki, bu kağıza qol çəkməyi təklif edəndə, mən heç fikirləşmədən imzaladım. Hərbi işlər üzrə birinci komissar olan Çingiz İldırım ehtiyatsızlıqla yığıncaqda elan edib ki, Azərbaycana müstəqil milli ordu vacibdir. Elə bu səbəbdən də onu rus marağını, istəyini həyata keçirən qiymətli bir şəxslə - Qarayevlə əvəz etdilər. O vaxtdan etibarən Çingiz xidmət vəzifəsindən aşağı salındı və artıq bir daha etibar qazana bilmədi... Daxili işlər naziri Həmid Sultanovu da yad edək. Gəncə quberniyasının fövqəladə komissarı kimi “şöhrətlənən” bu adam Gəncə üsyanının yatırılmasında amansız cəza tədbirlərinə əl atmış və bu bədbəxt şəhəri, Azərbaycanın ilk paytaxtını darmadağın etmişdir”.
“Terror nəticəsində 48 min nəfər həlak olmuşdu”
Hərbi attaşe yazdığı broşurada bolşeviklərin ölkədəki soyğunçuluqlarından, terrordan, eləcə də bölgələrdə baş verən üsyanlardan da bəhs edib: “Səhihliyi yoxlanılmamış məlumatlara görə, 1920-ci ilin aprelindən 1921-ci ilin avqustunadək Azərbaycanda terror nəticəsində 48 min nəfər həlak olmuşdu ki, onların da əksəriyyətini ziyalılar təşkil edirdi... Bolşeviklərin əlindən xilas olmuş Fətəli xan Xoyski, Həsən bəy Ağayev və Behbud xan Cavanşir erməni-daşnaqların murdar əlilə tutulmuş qatillər tərəfindən qətlə yetirildilər. Şübhəsiz, Azərbaycanın görkəmli dövlət xadimlərinin siyasi qətlə yetirilməsi bir məqsəd güdürdü: Azərbaycan xalqını zəruri anda başsız qoymaq”.
Müəllif xatirələrində bu işğala yol açan səbəblərdən də ətraflı şəkildə bəhs edib, Müsavat hökumətini sərt şəkildə tənqid edib. O, hökumət üzvlərini naşılıq və bacarıqsızlıqda ittiham edib, müsəlman kadrların azlığı səbəbindən dövlətdə yad ünsürlərin çalışdığını, rüşvətin olduğunu, qonşu respublikalarla münaqişələrin baş verdiyini ifadə edib.
“Məqsədlərinə çatdıqları zaman hilalı sökmüşlər”
Şimali Qafqaz əsilli Mustafa Butbayın “Qafqaz xatirələri” adlı əsərində də işğal gününə aid maraqlı bir məktub dərc olunub. O, əsərində Tiflisə sığınan Azərbaycan Parlamentinin sədr müavini Həsən bəy Ağayevin Ənvər paşaya göndərdiyi məktubun mətnini dərc edib. Həmin məktubda işğal günü ilə bağlı verilən məlumatlarda bildirilib:
“Rus ordusu Bakıya gələr-gəlməz Xəlil paşa ilə Dr. Fuad rusları qarşılayıb “bunlar bizim dəstəkçilərimizdir” deyərək əhalini müqavimət göstərməkdən çəkindirmişlər. Rus əsgərləri qollarında qırmızı bağlama üzərinə ağ hilal ilə Bakıya girmişlər, lakin üç gün sonra məqsədlərinə çatdıqları zaman hilalı sökmüşlər. Rus əsgərləri Bakıda ikən şəhərin içərisində olan rus bolşevikləri bir çox müsəlman bolşeviklərini alət edərək onların vasitəsiylə Bakının yaxınlığında gözləyən rus süngülərinə söykənərək Azərbaycan Millət Məclisinə ultimatum verib hökumətin onlara təslimini istəmişdilər. ... Aprelin 27-si gecə saat 1-2 sıralarında hökumət feilən bolşeviklərə keçmiş, ertəsi günü rus ordusu şərtləri heçə sayaraq Bakıya girmiş və şəhərə girən kimi müsəlman polis məmurlarını tərksilah edib silahları rus və erməni könüllülərinə paylamışdılar. Müsəlman məmurlarının bir çoxunu həbsə atıb, bir çoxunu güllələmişdilər... İslam xalqı arasında şiddətli bir qorxu yayıldı. Həbsə atılanlar arasında Millət Məclisinin üzvlərindən də vardı. Edam cəzasına məhkum edilənlər və güllələnənlərin adları belədir: Sabiq Bakı valisi Murad Gəray paşa, sabiq Bakı polis müdiri Rüstəm Mirzəyev bəy, Süleyman bəy, Əbu Cəbrailoğlu, Əjdər Eminoğlu, Qədir oğlu Həsən, Mirmöhsün oğlu Mirrəhim, Nəzəroğlu Həbib, Qurban oğlu Əbdürrəhman, Şəhdəri Hüseyn oğlu Vəli, Şahvarlı Ələkbər bəy...”.
Məktubunun sonunda Həsən bəy rus ordusunun Azərbaycandan çıxarılması üçün çarənin tapılmasını istəyib...
Dilqəm ƏHMƏD