BAKI, 27 aprel. TELEQRAF
İslandiya ABŞ-nin yeni administrasiyasının xarici siyasətindəki addımlarını nəzərə alaraq müdafiə qabiliyyətini gücləndirməyi və Avropa İttifaqına daxil olmaq barədə danışıqları bərpa etməyi düşünür.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Nəşrdə bildirilir ki, ABŞ Prezidenti Donald Trampın Danimarkaya aid olan Qrenlandiyanı almaq təhdidləri, rüsumların tətbiqi və Avropaya qarşı aqressiv yanaşmalar, islandiyalıları narahat edib.
İslandiyanın Baş naziri Kristrun Frostadouttir bildirib ki, xalq hərbi qüvvələri aktiv şəkildə dəstəkləməsə də, bu, ölkənin aktiv müdafiə mövqeyini və ittifaqlarda yer almasını istisna etmir.
Qeyd edək ki, Tramp dəfələrlə Kanadanın və Qrenlandiyanın ABŞ-yə qatılmasını tələb edib. O, həmçinin Panama Kanalını ABŞ-yə qaytarmaq niyyətində olduğunu bildirib. Onun bu açıqlamalarına Panama, Kanada və Danimarka hökumətləri sərt reaksiya verib.