"Bu görüşdən sonra Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi ilə hədələyib..."
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla Roma Papası Fransiskin dəfn mərasimində görüşdən istifadə edərək, müharibənin Moskvanın maraqlarına uyğun bitməsi planlarına qarşı diplomatik kampaniya başlatmağa çalışıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.
Nəşr xatırladır ki, şənbə günü Vatikan görüşü Tramp və Zelenskinin fevral ayında Oval kabinetdəki gərgin mübahisədən sonra ilk şəxsi görüşləri olub. Bu söhbətdən sonra Tramp Rusiyaya qarşı yeni sanksiyalarla hədələyib. "Vatikanın sakit və rəsmi mühiti Oval kabinetdəki jurnalistlərin qarşısında baş verən xaotik qarşıdurmadan kəskin şəkildə fərqlənib", - nəşr yazıb.
Ağ Ev Trampın seçkiqabağı müharibənin tez bir zamanda bitirilməsi vədini yerinə yetirməyə tələsir, lakin hələlik ciddi bir irəliləyiş əldə edə bilməyib. Bu ay ABŞ "son təklifini" irəli sürüb: Vaşinqton Rusiyanın Krımın qeyri-qanuni ilhaqını və digər işğal olunmuş əraziləri tanıyacaq, döyüşlərin dayandırılacağı təqdirdə isə sanksiyaları yumşaldacaq.
Məqalədə qeyd olunur ki, bu rusiyayönümlü təklif Ukraynanı və onun Avropa müttəfiqlərini şoka salıb. Avropa liderləri ABŞ-ın təklifinə qarşı Ukraynanın əsas narahatlıqlarını əks etdirən bir cavab mətni hazırlayıb. Lakin Vaşinqtonun bu yeni sənədi nəzərdən keçirməyə hazır olub-olmadığı hələlik bəlli deyil.
Eyni zamanda, nəşr yazır ki, cəbhə xəttində hərbi üstünlüyünü qoruyan Rusiyanın döyüşləri tam dayandırması üçün ciddi bir səbəbi yoxdur. Bundan başqa, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun cümə günü Putinə hansı sənəd və ya ultimatum təqdim etdiyi də aydın deyil.
Lakin şənbə günü Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin "heç bir ilkin şərt olmadan danışıqları bərpa etməyə hazırdır". Nəşr vurğulayır ki, "bu bəyanat Rusiyanın danışıqlara başlamağa hazır olsa da, tam atəşkəsə razı olmadığını göstərir. Bu çıxılmaz vəziyyətdən çıxmaq çətin olacaq".
Roma Papasının dəfnində diplomatik təmaslar
KİV-lər yazır ki, Vatikan qaydalardan kənara çıxaraq Ukrayna prezidenti Vladimir Zelenskiyə Roma Papası Fransiskin dəfn mərasimində ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makronla eyni sırada yer ayırıb.
Estoniya prezidenti Alar Karis də bildirib ki, o, dəfn mərasimində ABŞ prezidenti və xanımı ilə yanaşı oturub və mərasimdən sonra onlarla söhbət edib. Söhbət zamanı Tramp ABŞ-ın Ukrayna üzrə danışıqlardan çıxmayacağına söz verib.