BAKI, 27 aprel. TELEQRAF
ABŞ Cənubi Koreyada F-35A təyyarələrini daimi şəkildə yerləşdirməyi nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Bildirilib ki, hazırda amerikalı hərbçilərin Kunsan aviabazasında F-35A təyyarələrinin daimi olaraq yerləşdirilməsi ilə bağlı planları mövcuddur. Bu təyyarələr "stealth" texnologiyaları sayəsində düşmən ərazisinin dərinliklərinə aşkar olunmadan nüfuz edə bilir.
"İlk olaraq bir eskadrilya (təxminən 20 təyyarə) yerləşdiriləcək və ehtimal olunur ki, rotasiya əsasında əlavə bir eskadrilya da olacaq", - məlumatda deyilir.
Qeyd edək ki, hazırda ABŞ-nin Cənubi Koreyadakı aviasiya bazası əsasən köhnə F-16 təyyarələrindən ibarətdir. Daha müasir F-35 təyyarələri isə yalnız birgə təlimlər üçün Cənubi Koreyaya göndərili. Bununla belə, Cənubi Koreyanın özündə 39 F-35A təyyarəsi mövcuddur və hökumət əlavə 20 təyyarə almağı planlaşdırır.