AZ

MTK-ları binaların idarə edilməsindən uzaqlaşdırmaq lazımdır - EKSPERT

Narazılıqlar çoxdur

“Binalarda sakinlərdən ibarət mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti kimi bir idarəetmə forması yaradılmalıdır, proses şəffaf idarə olunmalıdır, kommunal xidmətlərin dəyəri müəyyənləşməlidir”
 
Paytaxtda ayrı-ayrı mənzillərə deyil, ümumən binalara sayğac qoyulması təklif edilir. Bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəyev danışıb. İ.Mirzəyev deyib ki, ölkədə bütün mənzillərdə istilik sistemlərinin sayğaclaşdırılması texniki cəhətdən mümkün deyil. Bunun üçün bütün mənzillərin otaqlarındakı batareyaların üzərinə xüsusi qurğular - datçiklər yerləşdirilməlidir. Bu isə kifayət qədər bahalıdır. Bunun həyata keçirilməsi Azərbaycan reallığında mümkün deyil. Sədr bildirib ki, buna görə də binaya verilən enerji sərfiyatını dəqiqləşdirmək üçün mənzillərə deyil, binaya sayğac qoyulması təklif edilir. Belə olarsa, binaya verilən enerjinin miqdarı mənzillərin sayına uyğun bölünəcək və onun həcmi müəyyən ediləcək. Millət vəkili Rövşən Muradov isə bildirib ki, kombi sistemi ləğv olunmalı, idarəçilik MTK-lardan alınmalı, yeni tikilən binalarda sərt qaydalar tətbiq edilməli, “Azəristiliktəchizat” ASC-nin icazəsi olmadan bina tikintisinə başlanılmamalıdır. Millət vəkili deyib ki, 15 ildir yaşadığı binada indiyədək heç bir təmir işi aparılmayıb. Hər kəs özünə kombi sistemi qurub. Bu, israfçılıqdır, əziyyətdir. Nə qədər yanğınlar, partlayışlar olur. Ona görə də qanun layihəsinə əlavə olunmalıdır ki, bütün kombi sistemi ləğv olunsun. Bundan başqa, bina tikən MTK-ların əlindən idarəçilik alınsın, kommunal təsərrüfata rəhbərlik edən dövlət qurumu yaradılsın. İnsanların taleyini işbazlara həvalə etmək olmaz. Belə bir təklif də səslənib ki, yeni tikilən binalarda istilik sistemləri quraşdırılmalı, mərkəzi istilik sistemi tələb kimi qoyulmalıdır. Yeni binalarda MTK-lar at oynadır, sakinlərə müstəqillik vermir, sakinlər orada kirayəçi kimi qalır. Millət vəkili Fatma Yıldırım deyib ki, qanun yeni binaların istilik təchizatı ilə üzləşdiyi problemlərin həllinə kömək edəcək: “Yeni qanunun qəbulunda məqsəd istilik enerjisinin istehsalından, paylanmasından, satışından və istehlakından irəli gələn iqtisadi münasibətlərin hüquqi əsaslarını tənzimləməkdir. Eləcə də, bu qanunla istilik təchizatı sahəsinin tənzimlənməsində dövlət orqanlarının və tənzimləyicinin səlahiyyətləri, istilik təchizatı subyektlərinin hüquq və vəzifələri müəyyən ediləcək”. 

Son illərdə MTK-lardan şikayətlərin, narazılıqların artdığı nəzərə alınarsa, yeni tikilən binalarda idarəetmənin MTK-lardan alınması təklifi müsbət görünür. Amma bütün binaların mərkəzi istilik sisteminə qoşulması, ümumən binaya sayğac qoyulması, sonra da sərfiyyatın mənzillər üzrə bölünməsi mümkün olacaqmı? 

İqtisadçı Əkrəm Həsənov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu, çox çətin, hazırkı şəraitdə mümkünsüz görünür: 

- Binanın ümumi istilik sərfiyyatını ölçmək üçün xüsusi cihazlar olmalıdır. Bu cihazlar dövlət hesabınamı alınacaq, yoxsa sakinlərdən ödəniş tələb ediləcək, bu, sakinlərə sərf edəcəkmi? Hansısa sakin deyə bilər ki, bir müddət evdə olmayıb, istilikdən istifadə etməyib, niyə onun ümumi sərfiyyatda payı digərləri ilə eyni olmalıdır? Binanın ümumi sərfiyyatında mənzillərin payı mənzilin sahəsinə, kvadratına görə təyin edilə bilər. Bu da narazılıq yaradacaq, bəlkə kimsə az istilik istifadə edir, baxmayaraq ki, mənzilinin sahəsi böyükdür. Bilirsiz, bu, çox çətin məsələdir. Vaxtilə bir çox binalar mərkəzi istilik sistemindən ayrıldı, buna məcbur oldular, köhnəlmiş sistem yenilənmədi, mənzillərdəki istilik batareyaları lazımsız əşyaya çevrildi, sakinlər də kim necə bacardısa, mənzilini müxtəlif vasitələrlə qızdırmağa başladılar. Sonra da kombi sistemi tətbiq edilməyə başladı. İndi paytaxtda hesablama aparılsa, bəlkə də, binaların 80 faizi fərdi istilik sistemi ilə işləyir. Mərkəzləşdirilmiş istilik sistemi idarə və müəssisələrdə, təhsil ocaqlarında qalıb. Digər problem budur ki, bizdə hələ də sovet dövründə tətbiq edilən payız-qız mövsümü sistemi qalmaqdadır. Bu, Rusiya variantıdır, hələ də bizimkilər ondan istifadə edir. Mərkəzi istilik sistemi noyabrın 15-dən aprelin 15-dək istilik verir. Ucqar dağ kəndləri üçün bu il istilik verilməsi mövsümünü 10 gün uzatdılar. Görürük  ki, bəzən oktyabrda, aprel ayında havanın soyuq keçdiyi günlər olur. Kombi sistemi, bəli, çox xərc aparır. Amma vətəndaş arxayındır ki, hava soyuq olanda, istədiyi vaxt kombini işə sala bilir. Xərc çox çıxır, həm təbii qaz, həm elektrik enerjisinə görə pul ödəyir, amma mənzildə istiliyi təmin etmək istənilən vaxt mümkündür. Mərkəzi istilik sistemində də vətəndaş asılı vəziyyətdə qalır. Gözləməlidir ki, “Azəristiliktəchizat” nə zaman mənzillərə istilik verəcək. Anlaşılandır ki, “Azəristiliktəchizat” qayda dəyişikliyi ilə dövlətdən daha çox subsidiya almaq məqsədi güdür. O zaman təbii qazın verilməsində payız-qış mövsümü kimi köhnəlmiş qaydanı ləğv etsinlər. Sakinlər istifadə etdikləri istiliyin pulunu ödəsinlər. O zaman elektron sayğac variantından da imtina edilməlidir. Bəs indiyədək quraşdırılmış sayğacların taleyi necə olacaq? Yenidən başqa, hansısa yeni sayğaclar alınacaq? 

MTK-ların binaların idarə edilməsindən kənarlaşdırılmasına gəlincə, Ə.Həsənov bununla razı olduğunu dedi: 

- Bu təklif müsbətdir. MTK-lardan narazılıqlar çoxdur. MTK-lar binanı tikir, bir mənzili 3-4 nəfərə satmaqları öz yerində, nə sənəd verirlər, nə çıxarış, binaların istilik sistemi də olmur, amma sakinləri yaxşıca soyurlar. Toplanan vəsaitlər necə xərclənir, nəyə xərclənir, bilinmir. Binalarda sakinlərdən ibarət mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti kimi bir idarəetmə forması yaradılmalıdır, proses şəffaf idarə olunmalıdır, kommunal xidmətlərin dəyəri müəyyənləşməlidir. 

Seçilən
17
sherg.az

1Mənbələr