BAKI. 27 aprel. TELEQRAF
Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatında bu gün qarışıq komandalar mübarizə aparacaqlar.
Teleqraf xəbər verir ki, 15 ölkənin qatıldığı yarışda Azərbaycan da təmsil olunacaq.
Rəqib isə Gürcüstan yığmasıdır. Qarşılaşma 1/8 finala təsadüf edəcək.
Fərdi yarışlarda Gürcüstan 2 qızıl, 2 gümüş medalla 3-cü, Azərbaycan 1 gümüş, 4 bürünc medalla 10-cu yeri tutub.
Qaydalara əsasən, qarışıq komanda yarışında hər bir komandanın heyətində 3 kişi, 3 qadın cüdoçu yer alır. Kişilər 73 kq, 90 kq və 90 kq-dan yuxarı, qadınlar 57 kq, 70 kq və 70 kq-dan yuxarı çəki dərəcələrində mübarizə aparırlar. Qarşılaşma 4 qələbəyədək davam edir. Heç-heçə qeydə alınacağı təqdirdə, püşk yolu ilə çəki dərəcəsi seçilir və həmin çəkidəki iki cüdoçu arasında qalibi müəyyənləşdirmək üçün görüş keçirilir.