Qadın güləşi üzrə dörd dəfə Yay Olimpiya Oyunlarının mükafatçısı, ikiqat dünya çempionu, onqat Avropa çempionu, 5 dəfə Olimpiadada iştirak hüququna edən yeganə qadın güləşçi, Azərbaycan Güləş Federasiyasının qadın güləşi üzrə koordinatoru Mariya Stadnikin Offsideplus.az saytına müsahibəsi
(müsahibənin əvvəlini buradan oxuya bilərsiniz)
- Ötən həftə Astarada 15 və 17 yaşlı qızlar arasında Azərbaycan çempionatı keçirildi. Bu, Azərbaycan qadın güləşində bir ilk idi. Çempionatın səviyyəsi barədə nə deyə bilərsiniz?
- Mən birinci dəfə Azərbaycana 2007-ci ildə gəlmişəm. Yerli qızlar güləşlə məşğul ola bilmədiklərinə görə bizim kimi legionerləri yığmaya cəlb etmişdilər. Biz yerli qadınlar üçün güləşdə nümunə idik. Nəhayət, 18 ildən sonra ilk Azərbaycan çempionatı keçirildi. Bu məni çox sevindirir. Çempionat keçirməkdən ötrü lazımi sayda qız tapa bildik. Əvvəllər də milli komandalara güləşçilər çağırılırdı. Ancaq onların sayı hər çəkidə 1-2 nəfərdən çox olmurdu.
- Deyəsən, bu dəfə də bəzi çəkilərdə oxşar problemlər var idi.
- Bəli, 17 yaşlılar arasında belə hal oldu. Amma istənilən halda, çempionatın təşkili yaxşı məqamdır. Artıq digər qızların da stimulu olacaq. Azərbaycan birinciliyinin qalibləri Avropa çempionatında iştirak edirlər. Yəni, əvvəlkindən fərqli olaraq, zalda məşqlə kifayətlənmirlər. Çempionat yox idi, seçim yox idi. Bəs onda nə üçün məşq edəsən? Gözəllik üçün? Qızlar arasında daha çox yarışlar keçirmək vacibdir. Hiss edirəm ki, onlarda güləşə qarşı maraq yaranıb. Üstəlik, yarışma, medallar yeniyetmə qızlara böyük motivasiya verir.
- Siz özünüz Azərbaycanın ayrı-ayrı şəhər və raonlarına səfərlər etməyi planlaşdırırsınız? Çünki bir var sizin adınızı eşitmək, bir də Mariya Stadnikin özünü görmək. Məsələn, “Canlı əfsanə Mariya Stadnik sizinlə şəxsən görüşə gəlir” elanı çox yaxşı səslənir. Bu, xüsusilə kəndlərdə, qəsəbələrdə qızlar üçün stimul olardı, onlarda özünəinamı artırardı.
- Düzü, belə səfərləri gerçəkləşdirmək üçün vaxtım olmayıb. Cəmi 2 aydır federasiyada çalışıram, bu müddət ərzində xarici səfərlərdə, məşqlərdə, görüşlərdə olmuşam. Güləşdyim zaman, heç vaxt məsələnin digər tərəfini düşünməmişəm. Sistemin necə çalışdığını, qadın güləşi ilə bağlı hansı məktəblərin, klubların, məşçilərin olduğunu bilməmişəm. Qızlar arasında çempionat keçirməkdə də əsas məqsəd o idi ki, ölkənin müxtəlif nöqtələrində olanları bir yerə toplayaq. Bəzi məşqçilər yazırdılar ki, qrupumuzda 100 qız güləşçi var. Amma Azərbaycan birinciliyinə nə məşqçi gəldi, nə də idmançılar. Yəni, bizə belə feyk məlumatlar lazım deyil. Real vəziyyəti görmək istəyirik. İndi mən çempion qızların məşqçilərini toplamaq istəyirəm. Daha sonra şəhərlərə, rayonlara gedib, həmin idmançıları məşq prosesində izləməyə çalışacağam. Xüsusilə uşaq məşqçilərinin fəlaiyyəti məni maraqlandırır. Çünki bu sahədə uşaq məşqçisi təməl xarakteri daşıyır.
- Hazırda Azərbaycanda qadın güləşinin hansı çətinlikləri var?
- Əksər qızlarda özünəinam yoxdur. Kişi məşqçilər görən kimi utanırlar, başlarını aşağı salırlar. Yəqin ki, bu da mentalitetdən irəli gəlir. Belələri inanmırlar ki, qadın kimi idmanda güclü olub, nəticələr qazanmaq mümkündür. Bu mənzərə məni qıcıqlandırır. Bilmirəm bu nə ilə bağlıdır? Guya qadın bunu bacara bilməz.
- Azərbaycanlı Mədinə Bayramova Almaniya U-17 çempionatında qızıl medal qazanıb. Onun milli komandamıza cəlb olunması mümkündürmü? Ümumiyyətlə, perspektivdə xarici ölkələrdə Azərbaycana bağlılığı olan qadın güləşçiləri tapıb, yığmaya dəvət etmək fikriniz varmı?
- Hələ ki burada sistemi qaydasına qoymaq istəyirik. Azərbaycan çempionatı keçirib ən güclüləri müəyyənləşdirmişik. Sabah kimisə Avropa, dünya çempionatına aparanda, ədalətli seçim olacaq, heç kimin bizə irad bildirməyə əsası qalmayacaq. Dünyanın istənilən nöqtəsində olan azərbaycanlı qadın güləşçiləri yığmaya cəlb etməkdə maraqlıyıq. Mən Mədinə Bayramova haqqında eşitmişəm. Əgər o, Azərbaycanın şərəfini qorumaq istəsə, ölkə çempionatına qatılacaq və ya hansısa seçim görüşü keçiriləcək. Yalnız bundan sonra rəsmən onun məsələsəini həll edəcəyik.
- Pani Mariya, tədricən şəxsi suallara keçirəm. Bayaq qeyd etdiniz ki, son Avropa çempionatında olarkən qızların necə çətinliklə çəki saldıqlarını gördünüz. İndi sizin belə qayğınız yoxdur. Maraqlıdır, qida rejiminə necə əməl edirsiniz? Artıq çəki almaqdan ehtiyat etmirsiniz ki?
- Yəqin ki, bütün ömrüm boyu kökəlməkdən qorxacağam. Həmişə öz çəkimə fikir vermişəm. Əvvəllər 48 kq, daha sonra 50 kq-da güləşmişəm. Normal qidalansam da, hər səhər və gecə tərəziyə çıxırdım. Tərəzi indiyədək çarpayımın yanında durur. Səhər yuxudan oyanan kimi çəkimi yoxlayıram. Bundan başqa, mən uşaq dünyaya gətirəndə, kilo aldım. Çəki məsələsi daima məni maraqlandırıb. Bu qorxunun əlamətləri həmişə mənimlədir. Hazırda orqanizmim istirahət edir və bütün stressi özündən uzaqlaşdırır. Hələlik artıq çəki yığmamışam, bununla mübarizə aparıram (gülür). Hər gün heç olmasa15-20 dəqiqə məşq etməyə çalışıram. Amma istər-istəməz bu, öz kefimə uyğun çalışma sayılır və gərgin təlim-məşq toplanşlarından fərqlənir. Bir az sağlamlığımla bağlı problem yaranıb. Tez-tez təzyiqim aşağı düşür. Analiz vermişəm, lazımi vitaminləri qəbul edirəm. Bu səbəbdən fitnes zalda məşqlər edirəm ki, ürək-damar sistemim qaydasına düşsün. Mənim orqanizmim güclü yüklənmələrə öyrəşmişdi. Paris Olimpiadasından sonra həm fiziki, həm də psixoloji yorğunluğa görə belə problem yaşadım.
- İndi ürəyiniz istədiyini yeyə bilərsiniz.
- Prinsipcə, ürəyim istətədiyi hər qidanı qəbul edirəm, amma normasında. Mən ki ac ölkələr məmləkətindən gəlməmişəm...
- Belə olmayıb ki, peşəkar karyeraya görə nəyisə yeyə bilmirdiniz, illərlə gözləyirdiniz, nəhayət, indi özünüzə rəva görürsünüz?
- Əvvəllər belə məhdudiyyətlər olurdu. Məsələn, qarşımda bir pors hansısa təam olanda düşünürdüm ki, bunun hamısını yeyim, yoxsa yarısını. İndi öz-özümə deyirəm: “Nə yaxşı ki, yeməyin miqdarı haqqında düşünməyə ehtiyac yoxdur”. Onsuz da mən çox yeyən deyiləm. Çünki idmançı rejimi məndə vərdişə çevrilib.
- Bir oğlan və bir qız övladınız var. Onların Azərbaycana adaptasiyası çətin olmadı ki?
- Birinci il bizə çox çətin idi. Uşaqlar üçün məktəb axtaranda Azərbaycan yox, rusdilli məktəb seçdim. Elə bilirdim ki, uzağı bir il qalıb geri qayıdacağıq. Övladlarım rusca ünsiyyət qurmağı bacarırlar. Amma rus dilinin qrammatikası onlara çətindir. Hətta bir dəfə oğlumun müəlliməsi məni məktəbə çağırmışdı. Soruşurdu ki, “niyə sizin oğlunuz rusca yaxşı danışsa da, pis yazır?”, “niyə özünü elə aparır ki, guya rus dilini bilmir”. Mən ona izah elədim ki, “o, sizinlə rusca sərbəst danışa bilər, amma qrammatik cəhətdən ona çətindir, zəhmət olmasa, buna görə bir də bizə irad bildirməyin”. Hətta oğlum bir dəfə məktəbdən qayıdanda dedi ki, mən daha rusca danışmaq istəmirəm. İndi hər şey qaydasındadır.
- Qızınız sizin yolunuzu davam etdirirmi?
- Övladlarımın heç biri güləşlə məşğul olmur. Qızım bir vaxtlar idman gimnastikasına gedib. Hətta onu bir neçə dəfə güləş məşqlərinə də gətimişdim. Yaxşı alınırdı. Ancaq onun güləşlə məşğul olmağa səbri çatmırdı. Heç mənim də bu mənzərəni seyr etməyə nə səbrim, nə əsəblərim dözdü. Dedim ki, “Qızım, gəl belə eləyək. Qoy evdə sakitlik olsun, nə sən əsəbləş, nə də mən”. Beləliklə, onda güləşə həvəs yoxa çıxdı. İndi rəqsə gedir və voleybolla məşğul olur.
- Oğlunuz haqda bu yaxınlarda bir video qarşıma çıxdı. Deyirdiniz ki, o, uzun müddət məşğul olduğu futbol klubundan uzaqlaşmaq məcburiyətində qaldı. Bir məqamı başa düşmədim: söhbət Azərbaycan, yoxsa Ukrayna klubundan gedir?
- Azərbaycan klubundan.
- Hanıs komanda sizin oğlunuza şans vermirdi?
- Yox, klubun adını açıqlamaq istəmirəm.
- O, Ukraynada futbolla məşğul olmağa başlayıb?
- Bəli. Oğlum 4 yaşından futbolla məşğul olurdu. Ukraynada uşaq idmanı burdakından yaxşı inkişaf edib. Təəssüf ki, Azərbaycanda uşaq idmanında böyük boşluqlar var.
- Nə mənada?
- Burada uşaqların qarşısına düzgün məqsədlər qoyulmur. Məsələn, valideynlər övladlarını futbola gətirirlər və dərhal soruşurlar ki, uşaq böyüyəndə nə qədər pul qazanacaq. Mənim oğlum futbolla ürəkdən məşğul olurdu. O, futbola baxır, xəbərləri oxuyur, bu idman növünə aid nə varsa, onunla maraqlanırdı. Oğlum futbolla yaşayırdı.
- Lvovda “Rux”, yoxsa “Karpatı” klubuna gedirdi?
- “Karpatı”da məşqlər edirdi. Artıq rəsmi müqavilə bağlamaq üzrə idi. Amma müharibə planları pozdu. Və o, Azərbaycanda komandalardan birinə keçdi.
- Bəs burda nə baş verdi?
- Oğlumu bir kluba götürdülər. Ora heç də bütün uşaqlar düşə bilmirlər. Başqa sözlə, oğlumu anasının adına görə qəbul etdilər. Birinci il heç nə demədim. Axı, mən hər dəfə məşqlərə gedib, “uşağımı meydançaya buraxın” tipli xahişlər etməməli idi. Məşqçi hamıdan yaxşı görür. Kim yaxşı oynayırsa, o da heyətə düşür. Birinci il oğluma dedim ki, “yəqin, sən hələ meydançaya çıxmaq səviyyəsinə çatmamısan, ona görə məşqçilər sənə şans vermir. Sən bu komandaya düşmüsən, qalan işlər sənin boynunadır”. İkinci il başlandı. Bilirəm ki, oğlum məşqlərini yaxşı edirdi. Bəzən meydançaya buraxırdılar. Hər dəfə saat yarım taksi ilə məşqə gedirdi, Heydər Əliyev prospektində tez-tez tıxaca düşürdü. Günlərin birində dedi: “Bir daha məşqə getməyəcəm”. Soruşdum: “Niyə?”. “Getməyəcəm, vəssalam!”. Demə, məşqə təzə uşaqlar gəliblər. Yeri gəlmişkən, Kiyevdən bir yenietmə də məşqlərə qoşulmuşdu. İqor deyirdi: “Ana, axı mən görürəm, onlar güclə ayaq üstə dururlar, amma oyunun yarısını meydançada olurlar. Mənə isə şans verilmir”. Əlbəttə, bu yaşda oynamaq çox vacibdir. Əgər pis oynasan belə, təcrübə toplayırsan, inkişaf edirsən. Təkcə məşqlərlə kifayətlənəndə, heç cür inkişafa nail ola biməzsən. Oğlumu hətta yoldaşlıq görüşlərində meydançaya buraxmırdılar. O, necə inkişaf edə bilərdi? Deyirdi ki, “ana, məşqə bir ay əvvəl gələn uşaqlar var ki, hətta hansı tərəfə qaçacağını bilmir, buna baxmayaraq, oyunun yarısını meydanda keçirir”. Məşqçilər mənim oğluma qarşı niyə belə edirdilər? Yəqin ki, mənim ora getməyim, məşqçilərlə danışmağım, oğluma görə onlardan xahiş etməyim lazım idi. Lakin mən bunu edə bilməzdim. Məşqçi bütün prosesə rəhbərlik etməlidir, daha güclü komanda yaratmaqda maraqlı olmalıdır. Sonra mən məşqçiyə yazdım. O isə belə cavab verdi: “Hə, bizdə belədir”... Beləliklə, oğlum futbolu atdı.
- Müharibəyə görə Ukraynanın hava məkanı bağlıdır. Bura köçdükdən sonra Ukraynada olmusunuzmu?
- Bəli. Birbaşa Ukraynaya uçmaq mümkün olmasa da, Varşava və ya Budapeşt vasitəsilə vətənə gedirik.
- Ev işlərini görməyə, mətbəxdə yemək hazırlamağa vaxtınız çatırmı? Deyəsən, siz toxuma işlərini də xoşlayırsınız.
- Sözsüz, mən bütün ev işlərini görürəm. Sadəcə, kimsə müəllimə və ya katibə vəzifəsində çalışır, mənim işim isə federasiyada, zaldadır. Evə qayıdanda isə digərləri kimi adi anaya, evdar qadına çevrilirəm. Ev işlərini görürəm, yemək hazırlayıram. Bu işləri çatdırmayanda isə mənə bir xanım kömək edir. Məni təəccübləndirən odur ki, burada çoxları belə düşünür: əgər qadın güləşirsə, ailəsi, övladları ola bilməz, ev işlərinə vaxt çatdırmaz. Hətta bəzi qadın güləşçilər özlərini kişi aparırlar. Bu, belə olmalı deyil. Xalçadan kənarda biz özümüzü qadın kimi aparmalıyıq. Yadımdadır ki, tədbirlərin birinə don geyinmişdim. Gimnastlar məni görüb təəccübləndilər: “Ooo, sizin donunuz var!” Cavab verdim ki, “əlbəttə, var, mən ki qadınam, donu sevirəm”. Mənim bəzək əşyalarım var, makiyaj etməyi seviəm. Sevindirici haldır ki, indi qız idmançılar makiyaj edirlər, yaxşı geyinməyə çalışırlar. Başa düşürlər ki, biri digərinə maneçlik törətmir: onlar zaldan kənarda öz qadınlıqlarını qoruya bilərlər.
- Sizə burada uşaqlarla tək yaşamaq çətin gəlmir?
- Mən 5 il bundan qabaq həyat yoldaşımdan rəsmən boşanmışam. O, Rumıniyanın qadın güləşçilərdən ibarət yığmasının baş məşqçisidir. Uşaqlar mənimlə yaşayır, ataları ilə ünsiyyət saxlayırlar.
- Sonuncu sual. Həyatda qarşınıza qoyduğunuz ən böyük məqsəd nədir? Digər tanınmış ukraynalı idmançıların yolu ilə getmək niyyətiniz varmı? Məsələn, boksçu Vitali Kliçko Kiyevin meridir, futbolçu Andrey Şevçenko Ukrayna Futbol Federasiyasının prezidentidir, atlet Sergey Bubko Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının vitse-prezidnetidir. Bəs Mariya Stadnik özünü harada görür?
- Hazırda 15 yaşlılarda müəyyən sistemi yaratmaq arzusu ilə alışıb-yanıram. Azərbaycanda qadın güləşini inkişaf etdirmək istəyirəm. Bəlkə 15-20 ildən sonra hansısa azərbaycanlı qadın güləşçi olimpiya çempionu olacaq. Onda deyəcəklər ki, baxın, Mariya Stadnikin təməlini qoyduğu sistem bəhrəsini verdi. Fərqi yoxdur həmin vaxt burda olacağam, ya yox, əsas odur ki, nəticə olsun. Mən güləşi sevirəm. Yüksək vəzifə tutmaq niyyətində deyiləm. Neçə il yaşayacağımı bilmirəm. Buna görə həyatın dadını çıxarmaq istəyrəm.