Vatikan protokolda dəyişiklik edərək Ukrayna Prezidenti Vladimir Zelenskini Papa Fransiskin dəfn mərasimində birinci sırada, ABŞ və Fransa prezidentləri Donald Tramp və Emmanuel Makronla yanaşı əyləşməsinə şərait yaradıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Ənənəvi protokola əsasən, dövlət və hökumət başçıları ölkələrinin adlarının fransız dilindəki əlifba sırasına uyğun şəkildə yerləşdiriliblər.
Bu qaydaya görə, Zelenskinin üçüncü sırada və ya daha arxa cərgələrdə əyləşməsi nəzərdə tutulurdu. Lakin Vatikan bu dəfə protokol qaydalarına istisna tətbiq edərək Ukrayna liderinə daha ön sıralarda yer ayırıb.
Məlumata görə, Uels şahzadəsi Uilyam üçüncü sırada, Almaniya Kansleri Olaf Şoltsun yanında oturub. Argentina Prezidenti Xavyer Miley isə birinci sıranın ən kənarında yerləşdirilib.
Vatikanın mətbuat katibi Matteo Bruni “The Telegraph”a açıqlamasında bildirib: “Məncə, onlar (Zelenski və xanımı Yelena Zelenskaya) boş qalmış yerlərdə oturdular.”