Berlin, 27 aprel, AZƏRTAC
“Azərbaycanlı Həkimlərin Berlin Qurultayı həm Azərbaycan səhiyyəsi, həm Alman-Azərbaycan Tibb İşçiləri Birliyi (DAMV), həm də həmkarlarımız üçün böyük əhəmiyyət daşıyır”.
Bu fikirləri DAMV-nin təsisçilərindən olan kardioloq Fuad Mahmudlu AZƏRTAC-a açıqlamasında qeyd edib.
Qurultayda bir sıra ölkələrdən 200-dən çox qonağın iştirak etdiyini vurğulayan F.Mahmudlu bildirib: “Qurultay çərçivəsində müxtəlif mövzulara həsr olunan panel iclaslarında müasir tibbin qarşısında duran aktual problemlər, tibb təhsilinin önəmi və bu sahədəki yeniliklər müzakirə olunur. Ümid edirik ki, qurultayımız öz məqsədinə çatacaq, Azərbaycanda tibbin və tibb təhsilinin inkişafı istiqamətində reallaşdırılan islahatlara öz töhfəsini verəcək”.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin