İstanbulda baş verən zəlzələdən sonra 500-ə yaxın binaya ziyan dəyib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin şəhərsalma və ətraf mühit naziri Murat Kurum "X" sosial şəbəkəsində yazıb.
“Zərərin qiymətləndirilməsinin nəticələrinə görə, İstanbulun 39 rayonunda 8367 binaya baxış keçirilib, onlardan 437-nə kiçik ziyan dəyib. Zərərin qiymətləndirilməsi davam etdiriləcək”, - deyə rəsmi bildirib.
Xatırladaq ki, aprelin 23-də İstanbul ərazisində bir neçə zəlzələ baş verib. Ən güclünün maqnitudası 6,2 olub. Yeraltı təkanlar hətta episentrdən 300 km aralıda, Ankarada hiss olunub. Təcili yardım xidmətləri yüksək xəbərdarlıq rejiminə keçib.