Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasında (ÇXR) dövlət səfərindədir. Aprelin 23-də Azərbaycan və Çin liderləri iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması haqqında Birgə Bəyanat imzalayıblar. Eyni zamanda, liderlər münasibətlərin strateji xarakter aldığını bəyan ediblər.
Pekində keçirilən görüşdə ÇXR Sədri Si Cinpin bildirib ki, Azərbaycan və Çin artıq hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Onun sözlərinə görə, imzalanan bir sıra əməkdaşlıq sənədləri iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə imkan yaradacaq. Si Cinpin vurğulayıb: “İnanıram ki, sizin səfəriniz məhsuldar nəticələr verəcək.”
Azərbaycan-Çin əməkdaşlığı təkcə iki ölkə üçün deyil, ümumilikdə Avrasiya məkanı üçün də xüsusi əhəmiyyət daşıyır.
Mövzuya münasibət bildirən türkiyəli ekspert Yücel Karauz Modern.az-a açıqlamasında deyib ki, dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çinlə əlaqələrin strateji səviyyəyə çatdırılması Azərbaycanın qarşısında yeni və geniş imkanlar açır:
“Azərbaycan-Çin münasibətləri Prezident İlham Əliyevin səfəri çərçivəsində strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Xüsusilə viza rejiminin ləğvi olduqca vacib addımdır. Azərbaycan BRICS çərçivəsində Çinlə əməkdaşlığını davam etdirir. Hazırda iki ölkə arasındakı ticarət dövriyyəsi təxminən 4 milyard dollar səviyyəsindədir. Əvvəllər də münasibətlər yaxşı idi, lakin son addımlar Azərbaycanın çoxşaxəli xarici siyasəti çərçivəsində əlaqələri daha da inkişaf etdirməyə xidmət edir.
Viza tələbinin aradan qaldırılması Çin kimi böyük əhali resursuna malik ölkədən gələn turistlərin sayını artıracaq ki, bu da Azərbaycanın turizm sektoruna müsbət təsir göstərəcək. Lakin burada ucuz işçi qüvvəsinin axınına qarşı diqqətli olmaq lazımdır. Belə hal yerli əmək bazarında problemlər yarada bilər.
Eyni zamanda, yaşıl enerji, rəqəmsallaşma və müəllif hüquqları sahəsində əməkdaşlıq da önəmlidir. Çinin iqtisadi gücündən istifadə etməklə Azərbaycan daha genişmiqyaslı imkanlar əldə edə bilər.
"Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində bu səviyyədə əməkdaşlıq Azərbaycanın regional və qlobal mövqeyini gücləndirəcək. Mən hesab edirəm ki, gələcəkdə müdafiə sənayesi və hərbi sahədə də əməkdaşlıq vacib ola bilər. Çünki yalnız bir sahədəki əlaqələr ümumi münasibətlərdə problemlər yarada bilər.
İdxal-ixrac vergiləri mövzusunda da diqqətli olmaq lazımdır ki, Azərbaycanın iqtisadiyyatı zərər görməsin. Ümumilikdə isə bu addımlar çox müsbət, balanslı və uzaqgörən xarici siyasətin nəticəsidir. Eyni zamanda bu, regiona və dünyaya verilən bir mesajdır.”