Bugün Türk Ticarət Mərkəzində Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın ticarət pavilyonlarının rəsmi açılış mərasimi keçirilmişdir.
Tədbir çərçivəsində “Türk Obası” mədəniyyət kompleksi də ictimaiyyətə təqdim olunmuşdur.
Kompleks Azərbaycan da daxil olmaqla, altı qardaş türk dövlətini simvolizə edən ənənəvi yurdlardan ibarətdir və Türk dünyasının mədəni irsinin tanıdılmasında mühüm rol oynayır.
Açılış mərasimində Azərbaycanın milli döyüş sənəti olan Alpaqut idman növü üzrə nümunəvi çıxışlar nümayiş etdirilmişdir.
Azərbaycan Alpaqut Federasiyasının müəllimi Elşən Məmmədovun rəhbərliyi ilə Kaçut sistemi üzrə hazırlanan alplar tərəfindən təqdim olunan proqram tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Bununla yanaşı, Federasiyanın Qarabağ Regional Nümayəndəliyinin idmançıları da səhnədə öz məharətlərini nümayiş etdirmişlər. Xüsusi qeyd olunmalıdır ki, 1-ci və 2-ci Qarabağ müharibəsinin iştirakçısı, Tegin rütbəli Kənan Quliyev və onun alplarının təqdimatı Vətənə sevgi və milli ruhun aşılanması baxımından tədbirin ən diqqətçəkən məqamlarından biri olmuşdur.
Tədbir Türk dövlətləri arasında iqtisadi, mədəni və idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.