AZ

Hindistanla Pakistan arasında gərginlik artır: Daha bir münaqişə ocağı alovlanacaqmı? - TƏHLİL

Hindistanın inzibati nəzarətindəki Kəşmir bölgəsində aprelin 22-də baş verən və 26 mülki şəxsin həyatını itirməsinə səbəb olan terror hücumu Hindistan və Pakistan arasında növbəti gərginliyə yol açıb. Hücumun ardından Hindistanın Pakistanı bu hadisədə əlaqəsi olmaqda ittiham etməsi bölgədə gərginliyi daha da artırıb.

Qarşılıqlı ittihamlar

Hindistan rəsmiləri bu hücumun Pakistan tərəfindən dəstəklənən terrorçular tərəfindən həyata keçirildiyini iddia edirlər. Pakistan isə qətiyyətlə bu ittihamlara qarşı çıxır. Pakistan hökuməti Hindistanın terror hücumundan daxili məsələlərini ört-basdır etmək və Pakistanı dünya ictimaiyyəti qarşısında günahkar göstərmək üçün istifadə etdiyini bildirir. Pakistan Hindistanın yürütdüyü siyasətin və Kəşmirə qarşı həyata keçirdiyi repressiv hərbi əməliyyatların terrorizmə və zorakılığa təkan verdiyini vurğulayır, terror hadisələrinin Hindistanın işğalı altındakı Kəşmirin əhalisinə qarşı sərt yanaşmalarının nəticəsi olduğunu vurğulayır.

Pakistan Hindistanın ittihamlarına qarşı beynəlxalq cəmiyyəti obyektiv yanaşmağa və hər iki ölkənin terrorizmə qarşı mübarizəsini ciddi şəkildə qiymətləndirməyə çağırır. Pakistan terrorizmin qarşısının alınması üçün həm hüquqi, həm də diplomatik yolların istifadə edilməsinin vacibliyini qeyd edir, terrorçuluğa qarşı mübarizənin yalnız hərbi deyil, həm də beynəlxalq hüququn müvafiq prinsipləri çərçivəsində iqtisadi, sosial və siyasi aspektlərdəki problemləri həll etməklə aparılmasının zəruri olduğunu bildirir.

Regional sabitlik təhlükədə

Pakistanlı politoloq, geosiyasi proseslər, münaqişələrin həlli üzrə ixtisaslaşmış analitik Tarik Siyal APA-ya açıqlamasında qeyd edib ki, Kəşmirdəki hücum fonunda iki ölkə arasında yaranan son gərginlik regional sabitliyi və nüvə silahına malik qonşular arasında münasibətlərin gələcəyini ciddi təhlükə altına alır.

“Cənubi Asiyada Hindistan və Pakistan arasında münasibətlər növbəti dəfə ciddi sınaq qarşısındadır. Hindistanın nəzarətində olan Kəşmir bölgəsində baş verən və 26 nəfərin ölümü ilə nəticələnən hücum nüvə silahlı iki qonşu arasında kövrək sabitliyi yenidən pozub. Rəsmi Yeni Delhi hücumun məsuliyyətini birbaşa Pakistana yönəldərək, təxribatın arxasında İslamabadın dayandığını iddia edir. Bu kimi hadisələr regionda artıq xroniki xarakter almış qarşılıqlı ittihamların və etimadsızlığın nə qədər dərin olduğunu bir daha göstərir. Hindistan tərəfi hadisədən dərhal sonra bir sıra siyasi, diplomatik və iqtisadi tədbirlər həyata keçirdi. Sərhəd keçid məntəqəsinin bağlanması, İndus Suyu Müqaviləsinin dayandırılması (İndus Suyu Müqaviləsi 1960-cı ildə Hindistan və Pakistan arasında imzalanmış beynəlxalq sazişdir. Müqavilə İndus çayı və onun qolları üzərindəki su resurslarının bölüşdürülməsi ilə bağlı məsələləri tənzimləyir - red.) və Pakistan diplomatlarının ölkədən çıxarılması bu tədbirlərin ən sərt nümunələridir. Xüsusilə, 1960-cı ildən qüvvədə olan İndus Suyu Müqaviləsinin dayandırılması Hindistanın bu dəfə vəziyyəti əvvəlki gərginliklərdən fərqli olaraq daha strateji səviyyəyə qaldırdığını göstərir. Müdafiə naziri Rajnath Sinqhin “arxada gizlənənlər də cəzalandırılacaq” bəyanatı isə bu mövzuda hərbi və siyasi iradənin sərtliyini ortaya qoyur”, - deyə pakistanlı politoloq bildirib.

Cənubi Asiyada münaqişə: Siyasi ritorika və strateji maraqların toqquşması

 south asia on edge: kashmir tensions flare again

Politoloqun sözlərinə görə, Hindistanın iddialarını rədd edən Pakistan məsələnin diplomatik müstəvidə həllinin tərəfdarıdır: “Eyni zamanda, Pakistanın cavab tədbirləri də gecikməyib. Milli Təhlükəsizlik Komitəsinin təcili iclasında qəbul edilən qərarlar – Hindistan hava yollarının Pakistan hava məkanından istifadəsinin qadağan edilməsi, ticarət əməkdaşlığının dayandırılması, Vaqah sərhədinin bağlanması və diplomatik münasibətlərin aşağı səviyyəyə endirilməsi iki ölkənin qarşıdurma kursunu seçdiyinə işarə edir. Pakistanın su resurslarına müdaxilə ediləcəyi təqdirdə bunu “müharibə aktı” kimi qəbul edəcəyini bəyan etməsi isə vəziyyətin nə qədər təhlükəli həddə çatdığını göstərir. Bu gərginlik təkcə iki ölkə arasında münasibətlərin pozulması ilə məhdudlaşmır. Regionda enerji, təhlükəsizlik və ticarət layihələrinin gələcəyi də sual altına düşür. Həmçinin, bu cür gərginliklər beynəlxalq aktorların, xüsusilə də ABŞ, Çin və Rusiya kimi ölkələrin bölgəyə münasibətinə və strateji maraqlarına təsir göstərə bilər. Hindistan və Pakistan arasında uzun müddətdir, davam edən qarşıdurmanın səbəbi yalnız konkret hadisələr deyil, ümumilikdə etimad böhranıdır. Bu böhran hər iki tərəfdə daxili siyasi motivasiyalarla da dərinləşdirilir. Seçkilər ərəfəsində olan ölkələrdə populist ritorika və sərt siyasət qərarlar çox vaxt real təhlükəsizlik ehtiyaclarını üstələyir. Nəticə etibarilə hazırkı vəziyyət iki nüvə ölkəsinin yenidən silahlı qarşıdurma riskinə yaxınlaşdığı mərhələyə qədəm qoyduğunu söyləməyə əsas verir. Belə bir ssenari nə region, nə də qlobal sabitlik üçün arzuolunandır. Bu baxımdan beynəlxalq vasitəçilərin fəallaşması və diplomatik dialoqun bərpası daha da zəruri görünür”.

Hindistan və Pakistan arasında nüvə müharibəsi riski

Are

Pakistanın Müdafiə naziri Xavaca Asifin Hindistanla münaqişənin nüvə qarşıdurmasına çevrilə biləcəyinə dair xəbərdarlığına toxunan Tarik Siyal qeyd edib ki, hər iki ölkə tarixən bir-birinə qarşı düşmən münasibətdə olduğuna görə, münaqişənin nüvə müharibəsinə çevrilməsi istisna deyil.

“5 sentyabr 2013-cü ildə Pakistanın Nüvə Komanda Qurumu (NKK), nüvə məsələlərini idarə edən ali orqan olaraq, xarici təhdidləri qarşısını almaq məqsədilə Tam Spektr Nüvə Təsiri (TSNT) siyasətinə riayət etməyi qərara alıb. Bu siyasət Hindistanın "Soyuq Başlanğıc Doktrinası"na (SBD) qarşı cavab olaraq tətbiq edilib. SBD Hindistanın Pakistan üzərində məhdud konvensionel müharibə aparmaq istəyini və bu müharibəni nüvə təxirəsalınmazlığı altında həyata keçirməyə cəhd etməsini ehtiva edir. TSNT siyasəti Pakistanın strateji nüvə silahları əvəzinə, taktiki mini-nüvə silahlarından istifadə etməsinə imkan verir. Bu yanaşma məhdud nüvə müharibəsi və ya nüvə müharibəsinin tədricən eskalasiyasını nəzərdə tutur, bu da nüvə həddini aşağı salmağa xidmət edir. Hər iki dövlətin əlaqələri gərginləşəndə Pakistan və Hindistan müharibə həddinə yaxınlaşır, lakin nüvə müharibəsi təhdidi bu müharibənin genişlənməsinin qarşısını alır”, - deyə ekspert vurğulayıb

Hindistanın müharibə ritorikası

Hindistanın Pakistanı sübutsuz ittiham etməsi və müharibə ritorikasına əl atması bölgədə gərginliyi daha da artırır. Belə bir yanaşma nə beynəlxalq hüquqa, nə də sağlam diplomatik prinsiplərə uyğundur. Hind çayının suyunu kəsmək və diplomatları ölkədən çıxarmaq kimi addımlar regional sabitliyi təhlükə altına atır. Münaqişələrin dialoq yolu ilə həlli əvəzinə təhdid və təzyiq yolu seçilməsi Cənubi Asiyada yeni qarşıdurma riski doğurur. Hindistan bu davranışı ilə təkcə Pakistanı deyil, bütün regionun təhlükəsizliyini hədəfə alır.

Pakistanlı politoloqun sözlərinə görə, 2019-cu ildə bölgədə meydana çıxmış az tanınan silahlı qrup olan “Müqavimət Cəbhəsi”, hücumu öz üzərinə götürdüyünü açıqlayıb: “Hindistan isə heç bir sübut təqdim etmədən bu hücumun Pakistan tərəfindən təşkil edildiyini bildirir. Pakistanın Müdafiə naziri Xavəcə Asif Hindistanın bu iddialarını rədd edib. Eyni zamanda Pakistanın Xarici İşlər Nazirliyi və Milli Təhlükəsizlik Şurası da Hindistanın ittihamlarına qarşı çıxıb. Pakistan özü də son dövrlərdə artan terror hadisələrinə görə Hindistan və Əfqanıstana qınayır. Pakistan açıq şəkildə bəyan edir ki, hərbi qüvvələri istənilən təhdidə qarşı hazırlıqlıdır. Mənim fikrimcə, hər iki dövlət qarşılıqlı bəyanat və təhdidlərdən çəkinməli, təmkin göstərməli və dialoq vasitəsilə normal qonşuluq münasibətləri qurmalıdır”.

Hindistanın Pakistanı ittiham etməsi

Hindistanda yerləşən xarici siyasət məsələləri üzrə beyin mərkəzi olan “Usanas Fondu”nun qurucusu və Baş direktoru, strateji məsələlər üzrə ekspert Dr. Abhinav Pandya da vəziyyətlə əlaqədar mövqeyini APA-ya açıqlayıb.

“Hindistanla Pakistan arasında gərginlik illərdir, davam edir. Əsas səbəb isə Pakistandan dəstəklənən terrorizmdir. Cammu və Kəşmirdə son 30 ildə aparılan proksi-müharibə iki ölkə arasında qarşıdurmanın mərkəzində dayanır. 2019-cu ildə Hindistan hökumətinin 370-ci maddəni ləğv etməsi - Kəşmirin xüsusi statusunun aradan qaldırılması - Pakistan üçün ciddi geosiyasi zərbə oldu. Bu addımdan sonra Hindistan bölgədə terror şəbəkələrinə qarşı genişmiqyaslı əməliyyatlara başladı. Buna cavab olaraq Pakistan taktikasını dəyişdi. Əfqanıstanda müharibə təcrübəsi olan döyüşçülər Cammu və Kəşmirə göndərildi. Yeni terror dalğasında qeyri-kəşmirli hindlilər və turistlər xüsusilə dini zəmində hədəfə alındı. Aprelin 22-də 26 turistin qətlə yetirilməsi bu siyasətin açıq təzahürüdür. Bu isə təkcə Hindistana deyil, regional sabitliyə yönəlmiş terror aktıdır. Hindistan bu təhdidə qarşı prinsipial və ardıcıl cavab verməyə davam edəcək”, - deyə o bildirib.

Hindistanın Pakistana qarşı sübutsuz iddiaları

Hindistanın baş vermiş hadisənin arxasında hansı qüvvələrin dayandığı hələ müəyyən edilmədən və iki hökumət arasında diplomatik müstəvidə dialoq qurulmadan tələsik şəkildə Pakistanı ittiham etməsi ciddi siyasi suallar doğurur. Bu isə regionda gərginliyin daha da artmasına səbəb olmaqla yanaşı, diplomatik həll yollarının axtarılmadığını və əsl günahkarların açıq şəkildə ortaya çıxarılmadığını göstərir.

Hindistanlı politoloq bu məsələyə də münasibət bildirib:

“Hindistanın Pakistanın bu hadisənin arxasında olduğunu iddia etməsi ilə bağlı indiyə qədər heç bir ciddi araşdırma aparılmadığı və Pakistanın bu hücuma aid olduğunu sübut edən bir arqumentin olmaması faktını etiraf etməliyik. Lakin vəziyyət sadə deyil. Bu terror hücumunu həyata keçirən qrup “Resistance Force” (Müqavimət Qüvvəsi) adlı terror təşkilatıdır, ki, bu qrup “Lashkar-e-Taiba-nın” qoludur. “Lashkar-e-Taiba” isə, əsasən, Pakistanın kəşfiyyat xidmətləri və ordusu tərəfindən dəstəklənir. Beləliklə, bu kimi qrupların Kəşmirdə fəaliyyəti Pakistan ordusunun yüksək rəhbərliyinin izni olmadan baş verə bilməz. Bu səbəbdən Hindistan Pakistanın bu terror hücumunun arxasında olduğunu iddia edir. Yeni Delhinin Hind çayları haqqında müqaviləyə yenidən baxması və Pakistan diplomatlarını ölkədən çıxarması isə hökumətin məsələni nə qədər ciddi qəbul etdiyini göstərir”.

Nüvə deterrenti

The

Hindistanın baş vermiş hücumla bağlı Pakistanı ittiham etməsi və müharibə ritorikasını gücləndirməsi, eyni zamanda, Pakistan xarici işlər nazirinin nüvə müharibəsini istisna etməməsi ilə bağlı açıqlaması iki ölkə arasında müharibə riskini böyüdür.

Abhinav Pandya mövcud gərginliyin tammiqyaslı hərbi münaqişəyə çevriləcəyi təqdirdə Pakistanın asan rəqib olmayacağını bildirib: “Pakistan yüksək təlim görmüş, döyüş təcrübəsi olan peşəkar orduya malikdir. Gərginlik artarsa, bu, Hindistan üçün ciddi çətinliklərə səbəb ola bilər. Üstəlik, hər iki ölkə nüvə gücünə malikdir. Pakistan taktiki nüvə silahlarına malikdir və ölkənin nüvə doktrinası açıq şəkildə bildirir ki, əgər varlığına təhdid yaranarsa, Pakistan düşmən ordusuna qarşı bu silahlardan istifadə edə bilər. Bu isə münaqişənin miqyasını və potensial fəsadlarını daha da təhlükəli edir. Nüvə deterrenti münaqişənin gərginləşməsinin qarşısını almağa kömək edir. Keçmişdə qlobal güclər hər iki nüvə ölkəsinin nüvə müharibəsinə girməsindən qorxurdu, amma maraqlıdır ki, hər cür rəqabət və gərginliyə baxmayaraq, bu iki ölkə heç vaxt bu nüvə xəttini keçməyib. Lakin gələcəkdə bu mümkünlük istisna edilə bilməz. Hindistan məsuliyyətli nüvə gücü olaraq tanınır, çünki burada hökumətdə xalq tərəfindən seçilmiş məsul nümayəndələr təmsil olunur. Pakistan isə hərbi hakimiyyət altında olduğu üçün vəziyyət fərqlidir. Pakistanın nüvə doktrinasında təhdid halında nüvə silahından istifadənin mümkünlüyünün əksini tapdığını bildirdim. Həmçinin, radikal cihadçı qrupların güclənməsi bəzi general və ya radikal elementlərin nüvə silahını Hindistana qarşı istifadə etmə riskini artırır. Pakistanın xarici siyasətində həmişə məntiq önəmli rol oynamır, dini motivlər və fanatizm bəzən üstün gəlir. Pakistanın nüvə silahları əldə etdikdən sonra daha aqressiv terror hücumları həyata keçirməyə başladığı müşahidə olunur, çünki nüvə gücü ilə Hindistana qarşı daha çox sərbəstlik əldə etdiklərini düşünürlər. Məsələn, 2008-ci ildə Mumbai hücumlarına Hindistanın cavab verməməsi nüvə təhlükəsindən irəli gəlirdi. Lakin 2019-cu ildə Pulvama hücumundan sonra Hindistan Balakot bazasına qarşı əməliyyat həyata keçirərək, Pakistanın nüvə təhdidini sındırdı. Bütün bunlara baxmayaraq, son baş verənlərin iki ölkə arasında nüvə müharibəsi riski yaratdığını söyləmək olar”.

Seçilən
91
37
apa.az

10Mənbələr