BAKI, 26 aprel. TELEQRAF
Donald Tramp Ağ Evə qayıtdıqdan sonra ABŞ-nin xarici siyasətinə əsaslı şəkildə yenidən baxılmasına başlanılıb. İlk və ən nəzərəçarpacaq addımlardan biri xarici yardım proqramlarının kəskin və ya tamamilə ixtisar edilməsi oldu. Söhbət ilk növbədə Beynəlxalq İnkişaf Agentliyindən (USAID) gedir.
Teleqraf xəbər verir ki, bu barədə fondsk.ru yazır.
Rusiya portalı xatırladır ki, bu yaxınlarda ABŞ Hökumətin Səmərəliliyi Departamenti (DOGE) Ermənistan da daxil olmaqla, ümumi məbləği 215 milyon dollar olan 139 qrantın ləğv edildiyini rəsmən elan edib.
1991-ci ildən sonra Ermənistan ABŞ-dən 3,3 milyard dollardan çox yardım alıb ki, bunun da 1,3 milyard dolları USAID vasitəsilə göndərilib.
2024-cü ildə Ermənistana 5 il ərzində 250 milyon dollar verilməsi haqqında saziş imzalanıb ki, bunun da 110 milyon dolları artıq köçürülüb. Bununla belə, 2025-ci ildə Tramp administrasiyası “demokratik keçidi” dəstəkləmək üçün nəzərdə tutulan 49 milyon dollar da daxil olmaqla, qalan vəsaiti dondurub. Qeyd olunur ki, qərar əvvəllər Amerika yardımına güvənən bir çox layihə və təşkilatları riskə atıb. QHT-lər, təhsil müəssisələri və dövlət proqramları maliyyə çatışmazlığı ilə üzləşiblər, bu da fəaliyyətlərin azalması və bəzi proqramların bağlanmasına səbəb ola bilər.
“Amerika yardımının dayandırılması əvvəllər ABŞ qurumları ilə birbaşa əməkdaşlıq edənlər üçün soyuq duşdur. İndi ABŞ-nn prioritetləri “daxili gündəmə” keçdiyi və ölkə maliyyələşdirmə siyasətini sərtləşdirdiyi bir vaxtda İrəvan qəfildən anlamağa başlayıb ki, qərbyönlü qumar təkcə siyasi baxımdan perspektivsiz deyil, həm də iqtisadi baxımdan qısamüddətlidir. Mexanizm qəfil sıradan çıxdı və onun memarları – diplomatlar, qrantlar, siyasətçilər və jurnalistlər “oksigensiz” qaldılar. Bu fonda Qərbə mərc edən Ermənistanın geosiyasi tələyə düşdüyü getdikcə aydınlaşır.
Avropa İttifaqı “yumşaq diplomatiya” təklif edir, amma pulu az miqdarda, əsasən məsləhətləşmələr şəklində verir. ABŞ oyundan tamamilə kənarda qalıb. Bütün siyasi çətinliklərə baxmayaraq, Rusiya Ermənistanın real maliyyə təsirinə malik yeganə iqtisadi tərəfdaşı olaraq qalmaqda davam edir”, - məqalədə deyilir.
Portal əlavə edir ki, Donald Tramp Ermənistanı zəif müttəfiq kimi gördüyü üçün onunla işləməkdə maraqlı deyil:
“Ermənistanda Amerika proqramlarının bağlanması təkcə Tramp administrasiyasının bürokratik qərarı deyil, bu, həm də bir siqnaldır. Böyük geosiyasətdə zəif müttəfiqlərə yer olmadığına işarədir. Əgər strateji tənzimləmədə sizə ehtiyac yoxdursa, demək, sxemdən kənarda qalmışınız”.