BAKI, 26 aprel. TELEQRAF
Azərbaycanda bu ilin yanvar-mart aylarında könüllü sığorta növləri üzrə ən çox yığım həyatın yaşam sığortası üçün olub.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, rüb ərzində bu kateqoriya üzrə 168 milyon 455 min sığorta haqqı toplanıb.
İkinci sırada tibbi sığorta yer alıb. Belə ki, tibbi sığortanın yığımı 74 milyon 488 min manat həcmində olub. Üçüncü sırada əmlakın yanğından və digər risklərdən sığortası üçün 16 milyon 647 min manat haqq toplanıb. Könüllü sığorta növlərinin yığımların həcmi üzrə renkinqdə avtonəqliyyat vasitələrinin sığortası 15 milyon 748 min manatla dördüncü, kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası kateqoriyası isə 8 milyon 652 min manatla beşinci sırada qərarlaşıb.
Qeyd edək ki, yanvar-mart aylarında könüllü sığorta növlərinin hesabına toplam 307 milyon 945 min manat sığorta haqqı yığılıb.