Monteneqroda keçirilən cüdo üzrə Avropa çempionatından sonra qala gecəsi təşkil olunub. 

Offsideplus.az xəbər verir ki, yədbirdə 2024-cü ilin yekunlarına əsasən Avropanın ən yaxşı cüdoçuları və idman xadimləri mükafatlandırılıb.

Azərbaycan cüdo idmanının fəxri, Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu, dünya və Avropa çempionu Hidayət Heydərov bu uğurlarına görə təltif edilib. Cüdoçumuz “İlin ən yaxşı kişi cüdoçusu” adına layiq görülüb. Bu nüfuzlu mükafatı ona Avropa Cüdo İttifaqının (EJU) prezidenti Laslo Toth təqdim edib.

Mükafatlandırma zamanı Hidayət Heydərov göstərdiyi yüksək nəticələrə, beynəlxalq arenada qazandığı qələbələrə və cüdonun Avropada təbliğinə verdiyi töhfələrə görə xüsusi təqdir olunub.

EJU-nun məlumatında qeyd olunub ki, Hidayət Heydərov gənc yaşlarından Avropa və dünya çempionu olaraq ad qazandırıb, 2024-cü ildə isə dördüncü dəfə Avropa çempionu, həmçinin dünya və Olimpiya çempionu olub. Bir ildə bu qədər uğura imza atmaq nadir hadisə sayılıb.

“İlin ən yaxşı kişi məşqçisi” mükafatı isə Azərbaycan millisinin baş məşqçisi və performans direktoru Rixard Trautmana verilib. Bildirilib ki, Trautman 2024-cü ildə iki Avropa, iki dünya və iki Olimpiya çempionluğu qazandıraraq böyük nəticə əldə edib.