Azərbaycanda hibrid avtomobillərin idxalı 2,8 dəfə artıb. 2025-ci ilin yanvar-mart aylarında Azərbaycana 10 120 ədəd hibrid avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə və ya 6 505 ədəd çoxdur. Beləliklə idxalda 179,9%-lik artım qeydə alınıb. Ölkədə elektromobil idxalı isə azalıb. Hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin (elektromobil) sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 42.9% azalaraq 309 ədəd təşkil edib.
Bu barədə Moderator.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, hibrid avtomobillərlə elektromobillər terminoloji baxımdan bir-birinə çox yaxın və oxşar görünsə də, əslində aralarında fərq var. Lakin bəzi şəxslər bu fərqi ayırd edə bilmir və hər iki nəqliyyat vasitəsini eyni texnologiya kimi qəbul edirlər:
“Müasir dövrdə alternativ enerji ilə çalışan avtomobillərə — xüsusilə elektromobillərə və hibrid modellərə olan maraq dünya miqyasında sürətlə artsa da, bu marağın səviyyəsi hər ölkədə fərqli formada təzahür edir. Bu kontekstdə Azərbaycanda da bu avtomobillərə olan münasibət, onların istifadəsinin genişlənməsi bir sıra obyektiv və subyektiv amillərdən asılıdır. Burada təkcə texniki göstəricilər deyil, daha çox istifadəçinin gündəlik rahatlığı və iqtisadi maraqları ön plandadır. İlk növbədə başa düşmək lazımdır ki, bu məsələ yalnız avtomobilin alışı ilə məhdudlaşmır. Burada sərnişinlərin, istehsalçıların və ümumilikdə istehlakçıların hüquqları, onların potensial mövqeyi və gündəlik təcrübəsi nəzərə alınmalıdır. Müxtəlif formalarla qarşılıqlı təmasda olan bu tərəflər üçün əsas məsələ dəyişmir — yəni, problemin kökü yerində qalır. Ona görə də vətəndaşların axtardığı, gözlədiyi praqmatik bir həll yolunun tapılması zəruridir”.
Ekspertin sözlərinə görə, hibrid və elektromobillərin bazardakı uğuru birbaşa onların texniki üstünlükləri ilə yanaşı, onlara göstərilən servis xidmətinin keyfiyyətindən, ehtiyat hissələrinin mövcudluğundan və bu hissələrin ölkəyə gətirilməsində yaranan çətinliklərdən asılıdır:
“Əgər bu hissələr vaxtında tapılmırsa və ya yüksək əlavə xərc tələb edirsə, bu, istifadəçidə narazılıq doğurur və nəticədə həmin avtomobilin bazardakı cazibəsi azalır. İstehlakçı isə çox sadə və aydın gözləntilərə sahibdir: avtomobili qənaətcil olsun, əlavə xərclər yaratmasın, texniki baxımdan etibarlı və servisə asan çıxışlı olsun. Bu, vətəndaşın haqlı istəyidir və onun şəxsi mövqeyini əks etdirir. Əgər bu tələblər qarşılanmırsa, vətəndaş məcbur olaraq ya alternativ nəqliyyat vasitələrinə üz tutur, ya da əldə etdiyi avtomobillə bağlı mənfi fikirlər formalaşdırır. Bu isə birbaşa olaraq həmin avtomobillərin alışı, satışı və ümumi qiymətləndirilməsinə təsir edir. Bu səbəbdən məsələ yalnız texniki və ya ekoloji deyil, eyni zamanda sosial və iqtisadi bir məsələdir. Onun konkretləşdirilməsi və effektiv həlli üçün bu cür amillərin hər biri nəzərə alınmalı və uyğun mexanizmlər formalaşdırılmalıdır”.
Mehin Mehmanqızı