Hər bir uşaq, xüsusilə yeniyetməlik dövrünə keçid mərhələsində, müəyyən bir həssas dövr yaşayır. Bu dövr həm fiziki, həm də emosional dəyişikliklərlə müşayiət olunur və uşaqların ailələri və məktəbləri tərəfindən xüsusi anlayış və dəstəyə ehtiyacı var. Yeniyetmələr bu dövrdə öz şəxsiyyətlərini formalaşdırır, cəmiyyətdəki rolunu axtarır və bəzən özlərini itmiş hiss edirlər.
Bu zaman, evdən qaçma kimi davranışlar da müşahidə oluna bilər, çünki gənclər müxtəlif daxili və xarici təzyiqlərlə qarşılaşırlar.
Bu vəziyyətdə məktəblərdə fəaliyyət göstərən psixoloqların rolu çox böyükdür. Ancaq sual yaranır: Məktəblərdə psixoloqların şagirdlərə verdiyi psixoloji dəstək yetərli və effektlidirmi?
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Bizim.Media-ya danışıb:
"Yeniyetmələrin yaş xüsusiyyətləri var. Bəzən bu dövrü böhran dövr kimi xarakterizə edirlər. Yeniyetmə bu zaman çoxlu yol ayrıcında olur. Çünki cəmiyyətdə müxtəlif çağırışlarla qarşılaşır və psixologiyası bərkimədiyi üçün emossional qərar verir. Bu situasiyada müdrik müdaxiləyə ehtiyac var.
Bəzən valideyn uşağa vaxt ayıra bilmir. Bela olan halda da yeniyetmə məsləhət ala bilmədiyi üçün çağırışlara emosional reaksiya verir və özünü çətin labirintə salmış olur. Ona görə də həm məktəbin, həm də valideynlərin üzərinə böyük məsuliyyət düşür. Valideynlər münasibətləri yaşa uyğun qurmağı bacarmalıdır ki, uşaqlar çətin sualları bölüşə bilsinlər.
Yoxsa onlar lazımi cavabları başqa istiqamətlərdə axtaracaqlar. Belə bir şərq yanaşması, tərbiyə üsulu da mövcuddur: uşaqla 5 yaşa qədər şah, 5-15 yaş arası sərt, 15-dən sonra isə dostluq münasibəti olmalıdır”,- o deyib.
Sosioloqun fikrincə, məktəblərdə fəaliyyət göstərən psixoloqlar uşaq sayına uyğun olmalıdır.
"Hər psixoloq məktəbdə işləyə bilməz. Məhz bu sahədə ixtisaslaşan psixoloqların fəaliyyət göstərməsi daha məqsədəuyğundur. Məvacib də yüksək olmalıdır. Məktəb valideynlə birgə işləməlidir. Uşaqların evdən qaçmasının səbəblər hər zaman valideynlərin basqıları ilə bağlı olmur.
Müşahidə etdiyimiz zaman görürük ki, sosial şəbəkələrin rolu olduqca böyükdür. Eyni zamanda bu gün internetdə könül oğruları var . Həmin şəxslər uşaqların yaşından istifadə edərək onları ələ alır. Nəticədə uşaqlar qurbana çevrilməlidir. Belə hallar yaşanmasın deyə həm məktəblər, həm də valideynlər uşaqlara nəzarəti artırmalıdırlar",- deyə o fikrini yekunlaşdırıb.
Ayşən Rəhim, Bizim.Media