Yeni bir dil öyrənmək beynin strukturunu dəyişdirir və idrak qabiliyyətlərini yaxşılaşdırır. Bəs, xarici dil öyrənərkən beyində hansı proseslər baş verir və birdən çox dil bilmək bizi daha ağıllı edir?
Moderator.az xarici mütəxəsisslərin fikirlərinə əsasən mövzunu araşdırıb.
Yeni bir dil öyrənmək üçün bir çox səbəb var. Bu, peşə tələbi, romantik münasibət, xarici dil sevgisi və ya bir bölgənin mədəniyyətinə və insanlarına şəxsi maraq ola bilər... Ancaq elmi araşdırmalar göstərir ki, xarici dil öyrənmək beyin üçün də faydalıdır.
Yeni bir dil öyrənmək beyninizi məşq etmək kimidir. Fiziki məşqlə əzələlərimizi gücləndirə bildiyimiz kimi, yeni bir dil öyrəndiyimiz zaman beynimizdəki sinir yolları, yəni sinir sisteminin hissələrini birləşdirən yollar yenidən formalaşdırılır.
Buna görə də nevroloqlar deyirlər ki, birdən çox dildə danışan insanlar məlumatı yalnız bir dil bilənlərdən fərqli şəkildə emal edirlər. Bəs yeni bir dil öyrənəndə beyində nə baş verir? Birdən çox dil bilmək bizi daha ağıllı edirmi?
Bu suallara cavab verməzdən əvvəl gəlin dilin beynin bir çox sahəsini necə aktivləşdirdiyinə baxaq:
ABŞ-ın Kaliforniya San Dieqo Universitetinin nevroloqu Arturo Hernandez bildirir ki, beynin dilin işlənməsi iki əsas dövrəni əhatə edir: biri dilin əsasını təşkil edən səslərin qəbulu və istehsalı üçün. Digəri hansı dilin səslərinin istifadə ediləcəyini seçmək üçün istifadə olunur. "Dil öyrənərkən və dillər arasında keçid edərkən bu sxemlər yenidən təşkil edilir. Yəni səslər xəritələnir və hansı dilin işlənəcəyi ilə bağlı qərarlar verilir" - Hernandez deyir.
Nitq səslərini emal etmək üçün eşitmə qabığı kimi duyğu sahələrinə və nitq zamanı dil, dodaqlar və səs telləri kimi əzələləri koordinasiya etmək üçün beynin geniş motor şəbəkələrinə ehtiyacımız var.
Məsələn, beynin frontal hissəsində yerləşən və səs istehsalı və nitq funksiyalarından məsul olan Broka bölgəsi xüsusilə sintaksis, yəni cümlə qurma tərzimiz üçün məsuliyyət daşıyır. Bu sahə bizə qrammatik cəhətdən düzgün cümlələr qurmağa və cümlə strukturlarını anlamağa kömək edir.
Broca bölgəsi də nitq istehsalında əsas rol oynayır, sözləri tələffüz etmək üçün lazım olan hərəkətləri idarə edir.
Beynin digər sahələri, məsələn, Vernik bölgəsi də lüğətin başa düşülməsində və yadda qalan sözlərin geri qaytarılmasında mühüm rol oynayır. Bu bölgə sözlərin mənasını deşifrə etməyə və onları uzunmüddətli yaddaşda saxlamağa kömək edir.
2024-cü ildə Almaniyada aparılan bir araşdırmada Suriyalı qaçqınların alman dilini öyrənməyə başlamazdan əvvəl, öyrənmə prosesi zamanı və öyrəndikdən sonra beyin fəaliyyətləri ölçüldü.
Tədqiqat göstərdi ki, alman dili biliyi artdıqca beyindəki neyron strukturları fiziki olaraq dəyişir. Beynin özünü yenilədiyi nevroplastiklik adlanan bu proses həm də öyrənmənin əsas mexanizmini təşkil edir. Beləliklə, yeni bir dil öyrənmək insanın beynindən yeni dil məlumatlarını yaddaşdan kodlaşdırmaq, saxlamaq və xatırlamaq üçün yeni üsullar inkişaf etdirməsini tələb edir.
ABŞ-ın Pensilvaniya ştatındakı Elizabethtown Kollecinin koqnitiv nevroloqu Cennifer Vittmeyer deyir: “Struktur olaraq dil öyrənmək dil emalı və icra funksiyaları ilə məşğul olan bölgələrdə boz maddə strukturunu artırır.
Beyindəki struktur dəyişiklikləri neyronların bir-biri ilə əlaqə qurma üsulunu fiziki olaraq dəyişdirdiyindən, beynin fəaliyyətini də dəyişir. Sinir plastikliyi adlanan bu proses bizə sözləri daha tez yadda saxlamağa, yeni səsləri daha yaxşı tanımağa və ağız əzələlərinə nəzarət edərək onları daha yaxşı tələffüz etməyə kömək edir.
"Funksional olaraq, dil öyrənmə beyin sahələri arasında əlaqəni gücləndirir və diqqət, yaddaş və idrak nəzarəti daxil olmaqla, şəbəkələr arasında daha effektiv əlaqə yaratmağa imkan verir" dedi Wittmeyer DW.
Uşaqlar niyə daha üstündürlər?
Araşdırmalar göstərir ki, biz bütün dillər üçün beyindəki eyni şəbəkələrdən istifadə edirik. Ancaq beyin ana dilinə fərqli reaksiya verir. Bir araşdırmaya görə, iştirakçılar ana dilini eşidəndə dil şəbəkələrində beyin fəaliyyəti azalıb. Bu onu göstərir ki, ilk öyrənilən dil, ana dili beyində fərqli şəkildə işlənir və minimum səy sərf olunur.
Araşdırmalar həmçinin göstərir ki, kiçik uşaqlar yeni bir dili böyüklərdən daha asan öyrənə bilirlər.
Gənc uşaqların beyinləri hələ də inkişaf etdiyi üçün onlar sinir plastikliyinə və öyrənməyə daha çox meyllidirlər. Və böyüklərdən fərqli olaraq, yeni dildəki sözləri ana dilindən tərcümə etməyə ehtiyac duymurlar. Bu o deməkdir ki, onlar səsləri, qrammatikanı və sözləri daha asan yadda saxlaya bilirlər.
"Erkən yaşda beyin hələ o qədər də sərt deyil. Yetkinlərin beyinləri öz ilk dilləri ətrafında qurulub. Deməli, ikinci dil müstəqil inkişaf etməkdənsə, əvvəlcədən qurulmuş neyron şəbəkələrinə arxalanaraq mövcud biliklərə uyğunlaşmalıdır", - amerikalı nevroloq Hernandes izah edir.
Dil öyrənmək sizi daha ağıllı edirmi?
Bəzi tədqiqatlar göstərir ki, birdən çox dil bilmək yaddaş və problem həll etmək kimi idrak qabiliyyətlərini yaxşılaşdırır. Yəni bu, ikidillilərin daha ağıllı olması deməkdir?
"Bu, mürəkkəb mövzudur, amma yəqin ki, belə deyil" deyən nevroloq Hernandez, ikidillilərin daha inkişaf etmiş lüğətlərə, daha çox sözə, daha çox elementə və buna görə də bütün dillərdə daha çox anlayışa malik olduğunu qeyd edir.
Bununla belə, daha zəngin lüğətə malik olmağın daha böyük bir idrak ehtiyatı olduğunu və ya sadəcə yaddaşda daha çox sözün olduğunu göstərdiyi aydın deyil.
Hernandez deyir ki, çoxdillilərin daha ağıllı olub-olmadığını həqiqətən yoxlamaq üçün "alimlər dillə əlaqəli olmayan bir iş tapmalı olacaqlar". Çünki çoxdillilərin dildən başqa sahələrdə digərlərindən daha yaxşı performans göstərdiyini göstərən kifayət qədər dəlil yoxdur.
Elm adamları, həmçinin ikidillilər arasında idrak qabiliyyətlərindəki dəyişikliklərin dil öyrənməklə, yoxsa təhsil və ya böyüdükləri mühit kimi digər amillərlə bağlı olub-olmadığına əmin deyillər. Koqnitiv qabiliyyətlər çox mürəkkəb bir prosesdir ki, dil öyrənmə kimi tək bir amillə məhdudlaşa bilməz və bir çox amillər rol oynayır.
Bununla belə, idrak qabiliyyətlərinin zəkanın göstəricisi olub-olmamasından asılı olmayaraq, yeni bir dil öyrənmək həyatda yeni mədəni təcrübələrə qapı açacağı şübhəsizdir.