AZ

Şənbə üçün nəzm

Anamdan sonra

Anamdan sonra,

Çantasını açdım

İçindən bir kağız parçası tapdım.

Alacaqları varmış,

Baxdım ki,siyahı yazmış...

1. Corab

2.Ayaqqabı...

“Balam”a dəri

Ozümə adi...

Səndən sonra

aldım,anam,

Corab da, dəri ayaqqabı da,

Amma həmişə üşüdü ayaqlarım

İyulda da, avqustda da.

Həyatımı soruşsan,

Səndən sonra ...

mənim həyatım

Sənin ayaqqabın kimidir,

Hər şey adi!

Uzaqlar

Bilsəydim, çoxdan gedərdim.

Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar.

Deyirdin, qiymətli olur,

Ara-sıra, qəfil gəlib, qəfil gedən qonaqlar.

Sözünü yerə salmadım,

Səssiz olur, əziz olur, sözə baxan uşaqlar.

Mən də getdim, elə getdim,

Barmağımın uclarında hələ də küt ağrı var.

Səs etmədən,

Ayrılıqdan söz etmədən,

Gurultusuz,

Qırıb-töküb yox etmədən.

Nəyim varki, o komada

mənim səndən başqa, onsuz.

Uşaqlardan söz açmışkən,

Sən mənimlə çox oynadın.

Gah oynatdın, gah da atdın

Daha sənlə oynamıram.

Oyun bitib, mən getmişəm.

Mən gedəndə yuxudaydın,

Oyatmadım.

Oyananda ağlamısan,

Oyuncağı axtarmısan.

Sinəmdədir,

gizləmişəm.

Mən hamıdan, mən hər şeydən

gizlənmişəm.

Bilsəm,elə ən birinci,

Elə səndən gizlənərdim.

Bilsəydim,çoxdan gedərdim.

Ən azından bilərdim ki,

Məni gəzən, mənim üçün qəribsəyən bir uşaq var.

Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar,

Nə gözəlmiş, məni sənə yaxın edən

uzaqlar!!!

Nəzakət xala,

Uşaq vaxtı qapını döyüb qaçmışdım.

Sənsə hiddətlənib, qarğış etmişdin

“Gözün qapıda qalsın, bala”

Mən o vaxtdan qorxub elə gizlənmişdim,

Ən çox ürəyim əsmişdi, deyə,

ən çox onu gizləmişdim.

Elə çırpınırdı,

elə bilirdim sinəmdən çıxacaq....

Balaca ovcumu köksümə sıxıb

Ürəyimi bərk-bərk bağlamışdım.

Sonra böyüdüm...

“O” gəldi.

Döydü, açdım,qaçdı.

Gözüm yolda qaldı.

Nəzakət xala,

Göylərdən məni görürsənsə,

Bağışla!

Ona denən, qayıtsın.

Qarşıdan qış gəlir.

Üşüməsin...

Gəlsin, girsin ürəyimə

Qapını bağlasın!

Allaha təşəkkür

Sən mənim Allaha təşəkkürümsən,

Yaşamaq sevincim, təbəssümümsən

Dünəni dəyişmək əlimdə deyil,

Ağlayan gözümə dolan gülüşsən.

Nə yaxşı gəlmisən, nə xoş gəlmisən,

Qurban qədəminə, nə gec gəlmisən,

Yalquzaq yıxılıb, qalxıb, ilbəil,

Necə gözləmişəm səni, bir bilsən

Sən, nə gözəl hədiyyəsən, bilirsən?

Son nəfəsdə yetişmisən, gəlmisən

Gətir qulağını, gəl, bəri əyil

Heç kim eşitməsin, bilməsin kimsən

Sən mənim Allaha təşəkkürümsən

Sənsiz olmur

Darıxıram, sənsiz olmur.

Olur, amma sən bilmirsən

Sənsiz olmaq, necə olur!

Necə deyim anlayasan?

Bax məsələn, yağsız-duzsuz yemək kimi.

Susuz balıq,

Labirint yol,

Kimsəsiz ev,

Tərk edilmiş yazıq qoca,

Yetim qalmış uşaq kimi.

Belə olur, sənsiz olmaq.

Bax məsələn, bu aralar

Aynadan da yan gəzirəm,

Utanıram gözlərimlə üzləşməyə

Mən, o qədər sən olmuşam

Gecikmişəm səni mənə dəyişməyə.

Sən getmisən, yerin bəlli

Mən hardayam? Məni gətir

Bir yol göstər, məni tapıb gətirməyə.

Nə gülüşüm həmin deyil,

Nə yerişim həmin deyil,

Səmtimi də itirmişəm,

Hara gedim, kimə gedim?

Əynim nazik, dolaşıram küçələri

Sabah-axşam, veyil-veyil

Qollarını aparmısan,

Qoy üşüyüm.

Yatağı da yığmamışam, səndən sonra

Buzdur yorğanım-döşəyim,

Neyləyirəm, mən o evi

Divarlar üstümə gəlir,

Mən ki, sənə sığınmışdım

Sən idin evim-eşiyim

Hər gecənin sabahı-var,

istəmirəm.

Sənsiz gələn sabahları,

istəmirəm.

Sevdiyimlə sınanmağı,savabları

istəmirəm.

Günahları istəyirəm

Yetər ki,gəl.

Günahınla, savabınla

Yetərki,gəl.

Darıxıram, sənsiz olmur.

Olur, amma.

İndi bildin, sənsiz olmaq, necə olur?

Belə olur, sənsiz olmaq.

Olsa-olsa, belə olur!

Günel Balakişi

Seçilən
21
yeniazerbaycan.com

1Mənbələr