Marketlər müasir iqtisadiyyatın vacib tərkib hissələrindən biridir. Onlar istehlakçıların gündəlik tələbatlarını ödəməklə yanaşı, ölkənin iqtisadi inkişafına da mühüm töhfə verirlər.
Bu məqalədə marketlərin ölkə iqtisadiyyatına təsiri, onların inkişaf perspektivləri, eləcə də şəbəkə marketlərlə məhəllə marketlərin fərqi araşdırılıb. Belə ki, makro və mikroiqtisadi səviyyələr öyrənilib, beynəlxalq təcrübə əsas götürülərək istehlakçılardan, tədarükçülərdən və rəqiblərdən məlumatlar toplanıb.
Beləliklə, ilk olaraq makroiqtisadi təhlildən başlayaq;
Supermarket şəbəkələri məcmu tələbin əsas lokomotivi kimi
Makroiqtisadi artımın, ümumiyyətlə makroiqtisadi sistemin əsas determinantlarından biri istehlak həcmidir. İstehlak iqtisadi sistemin iki vacib elementindən biri olan məcmu tələbin əsas göstəricisidir. Bu baxımdan, iqtisadi aktivliyin, yerli valyuta dönərliliyinin, pula olan əsas tələbin əhəmiyyətli göstəricilərindən biri son istehlakçının istehlak mallarına olan tələbidir. Nəticədə istehlakçının iqtisadiyyata dair tələbinin əhəmiyyətli bir hissəsinin formalaşdığı supermarket şəbəkələrinin ticarət dövriyyəsinin artması iqtisadi artıma təsir göstərən əhəmiyyətli məqamlardan biridir.
Həm tələbin təklifi, həm də təklifin tələbi yaratdığı sahə
Azərbaycanda supermarket şəbəkələri sahəsində formalaşmış bazar strukturuna uyğun olaraq bir çox şəbəkələr təchizat zəncirinə şaquli nəzarət edə bilir. Yəni şaquli formada təchizat zəncirinin bir neçə mərhələsində yer alırlar. Pərakəndə satış məntəqəsində satılan malın idxalı və ya istehsalı, topdansatışı, logistikası və digər xidmətlər də həmin pərakəndə satış məntəqəsinin özü və ya aid olduğu şirkətlər qrupu tərəfindən həyata keçirilir. Belə olduğu halda təchizat zəncirinə edilən hər əlavə investisiyanın multipilikativ gəlirliyi də daha yüksək olur.
Beləliklə, supermarket şəbəkələri filialları arasında, təchizatçılar ilə filial, habelə anbarlar ilə filial, anbarlar ilə gömrük buraxılış məntəqələri və ya istehsal müəssisələri arasında fasiləsiz və təhlükəsiz logistik zənciri formalaşdırır. Bu, digər xidmət və sənaye sahələri üçün də nümunə təşkil edir.
Supermarket şəbəkələri kölgə iqtisadiyyatının həcmini kiçildir?
Vergi yayınmalarının ən çox olduğu sahələrdən biri pərakəndə satış seqmentidir. Korporativ olmayan, şəbəkələşməmiş, bütün kommersiya və daxili prosedurları uçotu aparılmayan və ya uçotu qeyri-şəffaf olan müəssisə və təşkilatların həyata keçirdiyi satışlar həm büdcə daxilolmalarını azaldır, həm rəqabət mühitini pozur, həm də sahəvi inkişafı zədələyir. Supermarket şəbəkələrinin isə daxili satınalma proseduru, əmək proseduru və digər daxili işlərlə yanaşı, ən mühüm element olaraq satış həcmini tam şəffaf və vergi uçotu çərçivəsində aparması iqtisadi sistem üçün olduqca əhəmiyyətli məqamdır.
Geniş məşğulluq və məşğulluqda ixtisaslaşma
Sözügedən sahə özü-özlüyündə pərakəndə xəttin qurulması üzrə mütəxəssis peşəsi formalaşdırıb və bu peşədə ciddi ixtisaslaşma yaşanıb. Beləliklə, supermarket şəbəkələri birbaşa olaraq supermarket şəbəkəsinin özündə və onun ofisində, habelə yuxarıda qeyd olunan multipiliaktiv təsir ilə yaranan yeni sahələrdə onminlərlə məşğulluğun yaranmasını və spesifik yeni sahələrdə ixtisaslaşmanı təmin edir.
Supermarket şəbəkələrində əsas faktor kimi işçi, istehsal faktoru kimi isə supermarket şəbəkəsinin saxlanılması və ticarət sisteminin təmin olunması üçün çəkilən xərclər nəzərdə tutulur. Sözügedən sahədə əmək faktorunun səmərəliliyin qısamüddətli mərhələdə ölçüləbilən və yüksək olduğu, eləcə də əmək bölgüsünün optimallığından irəli gələrək marjinal azalan gəlirlər qanununun işləmədiyi məlum olur. Bu baxımdan, supermarket şəbəkələri yüksək faktor məhsuldarlığının olduğu sahələrdəndir.
Mikroiqtisadi təhlil - İstehlakçı davranışı, şəbəkə və məhəllə (ənənəvi) marketlərin müqayisəsi
Mövzunun araşdırılması zamanı 100-dən çox respondent arasında sorğu aparılıb. Onlar həm şəbəkə, həm də məhəllə marketlərlə bağlı alış-veriş təcrübəsinə malik insanlar arasından seçilib. Beləliklə, müəyyən olunub ki, şəbəkə marketlər çeşidlərin bolluğu, qiymətlərin münasibliyi baxımından istehlakçıların ən çox üstünlük verdiyi marketlərdir. Hətta məhəllə marketlərdən alış-veriş edənlər də şəbəkə marketlərdə çeşidliliyi, bolluğu qəbul edirlər. Bundan başqa, gigiyenik normalara riayət, geri qaytarmanın asanlığı, ətraf mühiti qorumaq, özünü dəyərli hiss etmək, gənclərin işlə təmin olunması, vizual olaraq xoşagələnlik və peşəkarlıq baxımından şəbəkə marketlər məhəllə market, yaxud ənənəvi pərakəndədən uğurludur. Vətəndaşlar şəbəkə marketlərin daha çox yoxlandığını, məhsulların region və ölkə ərazisində əlçatanlığında bariz rolunu vurğulayırlar.
İstehlakçının şəbəkə marketləri ilə bağlı əsas narazılıqları isə yerli məhsullara daha çox yer verilməməsi, eyni zamanda, hər hansı yaxın ətraflarındakı insanların şəbəkə marketlərlə rəqabətdə davam gətirə bilmədiyi üçün məğlub olduğunu görüb, bundan dolayı emosional fikir bildirməklərindən doğur. Məhəllə marketlərin ən üstün tərəfi isə məhsul seçimində, xüsusilə kənd təsərrüfatı məhsullarının seçimində asanlıq yaradılmasıdır. Əslində, bu hal şəbəkə marketlərdə də var, lakin insanlar tərəddüd edirlər.
İstehlakçılar şəbəkə marketləri daha uğurlu qəbul edirlər
Nəticə etibarı ilə istehlakçılar soruşulan faktorlar baxımından şəbəkə marketləri daha uğurlu qəbul edirlər. Əsasən məhəllə marketlərindən alış-veriş edən istehlakçılar "Alış-verişin daha asan olması", "Vaxta qənaət etmə", "Yaşayış yerinə yaxınlıq", "Rahat alış-veriş" faktorları baxımından məhəllə marketlərini daha uğurlu olaraq görürlər. İstehlakçılar şəbəkələşmənin əsasən yaxşı hal olduğunu düşünürlər. Əlçatanlıq, standartların olması və rəqabət yaratması şəbəkləşmənin ən çox vurğulanan üstünlükləridir. Şəbəkləşmənin yaxşı hal olmadığını vurğulayanlar isə kiçik sahibkarlığın bazara girişinin əngəllənməsi, kiçik bizneslərin bağlanması, rəqabətin azalması, inhisarçılıq yaratması, qazancın bir nəfərdə toplanmasını vurğulayıblar.
Respondentlər müsbət hal kimi bildiriblər ki, operativlik, mütəxəssisləşmiş kadrla işləmək baxımından supermarketlər şəbəkəsi böyük üstünlükdür. Şəbəkə marketlərdə vahid standartlar bütün mağazalarda eyni olsa da, fərdi marketlərdə hər mağazanın öz tərzi var. Ənənəvi ticarətdən fərqli olaraq, burada kateqoriya menecerləri işi bildiyindən ünsiyyət daha asandır və anlaşmaq daha tez olur. Ənənəvi marketlərdən fərqli olaraq şəbəkələrdə məhsul haqqında məlumatları izah edə biləcəyin peşəkar komanda mövcuddur.
Həmçinin, qeyd olunub ki, fərdi mağazalarda uçot aparılmır, daxili nəzarət yoxdur, audit olunmur. Şəbəkə marketlərdə bu istiqamətdə və texnoloji inkişaf baxımından yüksək səviyyədə inkişaf var. Şəbəkə marketlər müasir həllərdən istifadə edir. Satışı, malın qalığını izləmək üçün texnoloji infrastruktur dəstəyi faydalıdır. Standartlar təyin olunur, mala və çeşidlərə baxılır və bu standartlar əsasında bölgü təyin edilir. Məhsulun saxlanılması, sərgilənməsi və təqdimatı üçün supermarketlər şəbəkəsi və onun texnoloji infrastrukturu əlverişlidir. Şəbəkə marketlər insanları müasir texnologiyadan istifadəyə təşviq edir.
Bunlarla yanaşı, mənfi tərəflər də qeyd olunub. Belə ki, ənənəvi ticarətdə qərarvermə daha tezdir, malı sərgiləmək və çox çeşidlə iştirak daha asandır. Modern marketlərdə satınalma edən şəxs özü istədiyi kimi qərar verə bilmir, məcburdur üst rəhbərliyə soruşsun. Mal tanıtımı və malın sərgilənməsi müəyyən plan əsasında getdiyi üçün əməkdaşlıqda çətinliklər yaşanır.
Şəbəkə marketlərin ətraf mühitə təsiri
Respondentlərdən şəbəkə marketlərin ətraf mühitə təsiri də öyrənilib. Onlar bildiriblər ki, plastik və kartonun şəbəkə marketləri tərəfindən geri toplanması həm ikinci emal müəssisələrinin işin asanlaşdırır, həm də ekoloji çirkliliyin qarşısını alır. Supermarketlər öz iş prosesində ətraf mühiti qorumaqda daha maraqlıdır, daha şüurlu hərəkət edirlər. Həmçinin, qeyd olunub ki, şəbəkə marketlər daha çox enerji istifadə edirlər.
Rəqabətə gəlincə, vurğulanıb ki, şəbəkə marketlər məhsul satışında xarici istehsalçılara üstünlük verirlər. Bununla belə, şəbəkələşmə istehsal həcminin artmasına şərait yaradır. Pərakəndə sektorda rəqabəti artırır, lakin ənənəvi pərakəndəni də sıradan çıxarır. Rəqabət, demək olar ki, ancaq böyük şəbəkə marketlər arasındadır.
Dövlət şəbəkə marketləri dəstəkləməlidir, ya şəbəkələşməyə maneə olmalıdır?
Bu suala respondentlər əsasən belə cavab veriblər: dövlət heç bir halda müdaxilə etməməlidir. Bazar münasibətləri hər şeyi özü tənzimləməlidir. Balanslı olmalıdır, əks halda mənfi təsirlər yarana bilər. Dövlət yerli istehsalçıları qorumalıdır. Supermarketlərdə olan məhsulların müəyyən hissəsinin yerli məhsul olması məcburiyyəti gətirilə bilər. Dövlət əsasən tənzimləyici rolda çıxış etsə, idxal qarşısında yerli istehsalın cəlbediciliyini artırmağa çalışsa, daha yaxşı olar. Rəqabətdə aqressiv yanaşma olmamalıdır, bir marketin yanında digər marketin açılması ilə bağlı qaydalar dəqiqləşdirilməlidir. Yerli sahibkarları qoruyacaq formullar yaradılmalıdır.
Ekspertlərin qənaətinə görə, şəbəkə marketlər ümumilikdə bazarda marketləşməni və istehsalda müəyyən standartları, tələbləri ortaya qoyurlar. Onların bu tələbləri və yaratdıqları informasiyalar həm istehsalçıda, həm də istehlakçıda keyfiyyət anlayışını formalaşdırır.
Ölkəmizdə pərakəndəçilikdə supermarketlərin şəbəkələşmə faizi hələ çox aşağıdır və ənənəvi ticarət burada çox güclüdür. Bununla belə, Azərbaycanın supermarket sektorunda supermarketləşmə və şəbəkələşmə prosesləri sürətlə inkişaf edir. Bu proseslərin uğurla davam etməsi üçün aşağıdakı əsas istiqamətlərdə təkmilləşmə vacibdir:
- Daha geniş məhsul çeşidi, daha yaxşı xidmət keyfiyyəti və müştəri məmnuniyyətinə yönəlmiş fəaliyyətlər.
- Onlayn alış-veriş və rəqəmsal ödəniş sistemlərinin inkişafı.
- Böyük şəhərlərdən kənarda, regionlarda da supermarketlərin fəaliyyətini genişləndirmək.
Supermarketlər multiplikator effektlə müxtəlif sahələrə yaratdığı təsir nəticəsində qeyri-neft sektorunun aparıcı qüvvəsidir. Həm digər sahibkarlıq sahələrinə, həm kiçik orta bizneslərə (KOB), həm də bütün bazar oyunçularına təsirlər yaradır. Miqyas effekti vasitəsilə xərclərə qənaət, istehlakçıya bir çox məhsulu eyni məkanda təqdim edərkən xərcləri minimallaşdırmağa imkan verir. Qurduqları təchizat zənciri ilə məhsulun çatdırılmasını daha da asanlaşdırır və xərclərə qənaət edilir.
Şəbəkələşməni dəstəkləyənlərlə bərabər, dəstəkləməyən insanlar da var ki, onların da əsas fikirləri xırda pərakəndəçilərə zərər vurulmasıdır. Bu məqam təchizatçılar tərəfindən də xüsusi vurğulanır.
Məqalə Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.