“Ukraynada atəşkəsə doğru irəliləyişin olmaması səbəbindən Senatın gələn həftə Rusiyaya qarşı yeni sərt sanksiyalarla bağlı qanun layihəsini hərəkətə keçirməsi ehtimal olunur.”
APA xəbər verir ki, bunu ABŞ-ın Cənubi Karolinadan olan respublikaçı senatoru Lindsi Qraham deyib.
“Artıq yetərincə danışdıq. Hərəkət etməyin vaxtıdır. Mən ehtimal edirəm ki, gələn həftə Senat sanksiyalarla bağlı qanun layihəsini hərəkətə gətirəcək.”, - o bildirib.
Qraham bildirib ki, ukraynalılar ABŞ prezidentinin onlardan istədiyi hər şeyi yerinə yetiriblər. O, həmçinin Rusiyanın növbəti sülh danışıqları mərhələsi ilə bağlı planlarını gizli saxlamasından narahatlığını ifadə edib.
Qeyd olunur ki, qanun layihəsinin mətninə əsasən, sənəd Rusiyanın neft, qaz, uran və digər enerji resurslarını almağa davam edən ölkələrdən malların idxalına 500 faizlik rüsumların tətbiqini təklif edir.
Layihə həmçinin Rusiyanın maliyyə strukturlarına, suveren borclarına və iqtisadiyyatın əsas sektorlarına qarşı məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsini nəzərdə tutur.