Kürdəmirdə 32 yaşlı hamilə qadının uşağı ana bətnində dünyasını dəyişib.
Xezerxeber.az-ın məlumatına görə, rayonun Çöl-Ərəb kənd sakini 32 yaşlı Rüfanə Bayramova dünən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə ağrıları ilə bağlı müraciət edib. Yaxınlarının bildirdiklərinə görə, həkimlər ona qorxulu bir şey olmadığını deyiblər. O, evə aparılıb. Bu gün isə qadının halı qəfildən pisləşib və yenidən rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə çatdırılıb. Həkimlər qadının vəziyyətinin ağır olduğunu bildirərək onu əməliyyata götürüblər. Sonra həkim-cərrah qadının yaxınlarına bildirib ki, uşaq artıq tələf olub.
TƏBİB-dən "Xəzər Xəbər"ə bildirilib ki, dünən 1993-cü il təvəllüdlü hamilə yalançı doğum sancıları diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Pasiyentə stasionar yatış tövsiyə edilsə də, o, bundan imtina edib. Bu barədə şöbənin qəbul və imtina jurnalında qeydlər də aparılıb. Daha sonra bu gün saat 13:00 radələrində hamilə qadın ciftin dəqiqləşməmiş vaxtından əvvəl ayrılması diaqnozu ilə yenidən doğum şöbəsinə hospitalizasiya olunub. Dərhal həkimlər konsilium keçirib və hamilə təcili əməliyyat blokuna alınaraq qeysəriyyə kəsiyi əməliyyatının icrasına başlanılıb. Əməliyyat nəticəsində ana bətnindən ölü döl xaric edilib. Pasiyent əməliyyatdan sonra reanimasiya şöbəsinə köçürülüb. Hazırda vəziyyəti stabil qiymətləndirilir.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.