AZ

Azərbaycanda kişilər hansı məzmunda məişət zorakılığına məruz qalır?..


Fatimə Hacıbəyli: “…kişilər əsasən psixoloji və iqtisadi zorakılığa məruz qalır”

Artıq ailədə təkcə qadınların deyil, kişilərin də zorakılığa məruz qalması ilə bağlı şikayətləri eşidilir. Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan kişilərin bu səpkili müraciətləri güclü cinsin də məişət zorakılığına məruz qalmasını sübut edir.

2024-cü ildə məişət zorakılığı ilə bağlı Komitəyə 594 müraciət daxil olub. Zorakılığa məruz qalanların 52-si kişi, 534-ü qadın, 436-sı uşaq, 8-i əlil, 5-i ahıl, 4-ü şəhid ailəsi, zorakılıq törədənlərin isə 555-i kişi, 252-si qadın olub. Açıqlanan rəqəmlərdən də bəlli olur ki, zorakılığa məruz qalanlar arasında kişilər də var. Maraqlıdır, Azərbaycanda kişilər hansı məişət zorakılığına məruz qalır?

“Azərbaycan kişiləri nadir hallarda xanımları tərəfindən fiziki şiddətə məruz qalsalar da, mənəvi təzyiqlə rastlaşanlar həddən artıq çoxdur”

Sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda kişilər əsasən psixoloji və iqtisadi zorakılığa məruz qalır: “Azərbaycan cəmiyyətində qadın tərəfindən kişiyə göstərilən psixoloji zorakılıq konkret müşahidə olunur. Kişi işdən evə gəlir, görür ki, yemək hazır deyil və ya kişiyə qadınlar tərəfindən müəyyən təzyiqlər göstərilir, diqqət ayrılmır və yaxud biganə münasibət bəslənilir. Bu formada kişilərə qarşı zorakılıqlara Azərbaycan cəmiyyətində geniş rast gəlinir. Amma konkret fiziki zorakılıq, şiddətin göstərilməsi Azərbaycan ailəsində çox az rast gəlinən haldır”.

Həmsöhbətimiz bildirdi ki, Azərbaycan kişiləri nadir hallarda xanımları tərəfindən fiziki şiddətə məruz qalsalar da, mənəvi təzyiqlə rastlaşanlar həddən artıq çoxdur: “Bizdə yazılmamış qanuna görə, evin maddi tələbatını mütləq kişi qarşılamalıdır. Qadının işləmək imkanı olsa belə, yenə də evə pul gəlməyəndə, yaxud az gələndə günahkar kişi olur. Mən deyərdim ki, ölkəmizdə fiziki zorakılığa məruz qalan bəylər elə də çox deyil, ancaq psixoloji və iqtisadi zorakılığa məruz qalan kişilər çoxdur”.

Günel CƏLİLOVA

Seçilən
0
41
baki-xeber.com

10Mənbələr